Xalq müdafiəçisi – Polarizasiyanın aradan qaldırılması üçün vacibdir ki, prosesdə iştirak edən şəxslər ədalətli, dinc və bərabər seçkiləri təmin edəcək mühitin formalaşmasına töhfə versinlər
Gürcüstanın Xalq müdafiəçisi 8 sentyabrda Melikişvili prospektində Kaxa Kaladzenin seçki qərargahı yaxınlığında baş verən insidentlə bağlı bəyanat yayıb.
Xalq müdafiəçisinin açıqlamasına görə, polarizasiya seçkiöncəsi dövrün müşayiətçi sistemli çağırışıdır və onun aradan qaldırılması üçün vacibdir ki, prosesdə iştirak edən şəxslər ədalətli, dinc və bərabər seçkiləri təmin edəcək mühitin formalaşmasına yardımçı olsunlar.
Eyni zamanda, Xalq müdafiəçisi Daxili İşlər Nazirliyi və Prokurorluğa müraciət edərək bütün günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
“8 sentyabrda Melikişvili prospektində Kaxa Kaladzenin seçki qərargahı yaxınlığında hökumət əleyhinə aksiyanın iştirakçıları ilə orada toplaşmış şəxslər arasında qarşıdurma baş verdi. Əldə olunan məlumatlara və yayılan videokadrlara görə, jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilib, onların telefonları əlindən alınıb və fiziki zorakılıq halları olub. Bundan əlavə, zorakılığın hədəfi ehtimal ki, ərazidə olan hüquq-mühafizəçilər də olublar.
Əvvəlcə Xalq müdafiəçisi vurğulayır ki, sağlam seçki mühiti demokratik cəmiyyətin əsasını təşkil edir və bu prosesi müxtəlif formalarda pozan hücumlar onu əhəmiyyətli dərəcədə zəiflədir. Hazırkı proseslər və keçmiş təcrübə açıq şəkildə göstərir ki, polarizasiya seçkiöncəsi dövrün müşayiətçi sistemli çağırışıdır. Onun aradan qaldırılması üçün isə vacibdir ki, iştirakçılar ədalətli, dinc və bərabər seçkiləri təmin edəcək mühitin formalaşmasına kömək etsinlər.
Toplantı azadlığı özündə, əlbəttə, etiraz yerinin seçilməsi hüququnu da ehtiva edir. Lakin bu hüququn həyata keçirilməsi digər şəxslərin hüquqlarını və seçki qərargahının fəaliyyətini həddindən artıq məhdudlaşdırmamalıdır. Buna görə də Xalq müdafiəçisi toplantı iştirakçılarına müraciət edir ki, gələcəkdə eyni yerdə (Melikişvili prospekti) aksiya keçirərkən “Gürcü Arzusu”nun seçki qərargahının fəaliyyətinə mane ola biləcək hərəkətlərdən çəkinməlidirlər.
Eyni zamanda, Xalq müdafiəçisi vurğulayır ki, hakimiyyət dinc toplantı azadlığından tam şəkildə istifadə üçün təhlükəsiz və əlverişli mühit yaratmaq öhdəliyinə malikdir. Bunun üçün lazım gələrsə, hüquq-mühafizəçilərin kifayət qədər sayda səfərbər edilməsi, zorakı hərəkətlərin qarşısının alınmasına yönəlmiş vaxtında tədbirlərin görülməsi və toplantı iştirakçıları ilə digər şəxslər arasında təhlükəsiz məsafənin təmin edilməsi tələb oluna bilər.
Qeyd olunmalıdır ki, toplantı zamanı hadisələri işıqlandırmaq üçün orada olan jurnalistlər qanunvericiliyə əsasən xüsusi qoruma rejimi ilə təmin olunmalıdır. Bu, medianın müstəqil, qərəzsiz və obyektiv məlumat yaymaq rolundan irəli gəlir. Buna görə də onlara qarşı törədilən zorakılıq və fəaliyyətlərinə maneçilik halları xüsusilə narahatedicidir.
Həmçinin qeydə alınıb ki, nümayişçilərə qarşı bir neçə şəxs seksual xarakterli jestlərdən istifadə edib. Xalq müdafiəçisi vurğulayır ki, cinsi xarakterli təhqiredici, alçaldıcı hərəkətlər Gürcüstan qanunvericiliyi ilə yolverilməzdir və bəzi hallarda cəzalandırılır. Bundan əlavə, qadınlara qarşı alçaldıcı, kiçildici və stereotipik ifadələr işlədilib. Xalq müdafiəçisi bir daha həm hakimiyyətin, həm də siyasi partiyaların nümayəndələrinə müraciət edərək qadınlara qarşı bu cür ifadələrdən çəkinməyə çağırır.
Xalq müdafiəçisi mandatı çərçivəsində istintaqa nəzarət həyata keçirəcək. O, Daxili İşlər Nazirliyi və Prokurorluğa müraciət edir ki, bütün günahkar şəxslər qısa müddətdə məsuliyyətə cəlb olunsun”, – deyə bəyanatda qeyd olunub.