Xalq müdafiəçisi Mzia Amağlobeliyə göstərilən tibbi xidmətlərin adekvatlığını qiymətləndirmək məqsədilə həkimlər qrupu yaradıb
Gürcüstanın xalq müdafiəçisi Penitensiar Xidmətin, o cümlədən podratçı klinikaların “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobeliyə göstərdiyi tibbi xidmətlərin adekvatlığını və vaxtındalığını qiymətləndirmək məqsədilə həkimlər qrupu yaradıb.
Bu haqda məlumatı Xalq Müdafiəçisi Aparatı yayır.
Məlumatda deyilir ki, qrup Mzia Amağlobelinin nümayəndələri tərəfindən irəli sürülən namizədlər arasından, onlarla məsləhətləşərək və Mzia Amağlobelinin səhhətindəki problemlər nəzərə alınaraq, aşağıdakı tərkibdə müəyyən edilib:
Elene Qiorqadze – endokrinologiya, qidalanma, uşaq endokrinologiyası, ictimai səhiyyə və səhiyyə təşkilatı; Qiorqi Qvilia – qastroenterologiya, kardiologiya, daxili xəstəliklər; Qiorqi Cavrişvili – oftalmoloq; Aleksandre Tsiskaridze – nevrologiya.
“Həkimlər yaxın gələcəkdə Mzia Amağlobeliyə baş çəkəcək və onun tibbi sənədlərini öyrənəcəklər. Həkimlər qrupu rəy və tövsiyyələr hazırlayaraq xalq müdafiəçisinə təqdim edəcək. Rəy əsasında xalq müdafiəçisi və Xalq Müdafiəçisi Aparatı sonrakı hüquqi tədbirləri görəcək. Həmçinin, xüsusi kateqoriyalı fərdi məlumatların mühafizəsi çərçivəsində ictimaiyyətə məlumat verəcəyik. Bir daha xüsusilə qeyd etmək istərdik ki, məhbusların müalicəsində iştirak etmək xalq müdafiəçisinin mandatı deyil və xalq müdafiəçisinin dəvət etdiyi mütəxəssislər də bu səlahiyyətə malik olmayacaqlar” – Xalq Müdafiəçisi Aparatı tərəfindən yayılan məlumatda deyilir.