www.ekalata.gov.ge elektron portalına ilkin tələbat üçün nəzərdə tutulmuş qeyri-qida məhsulları əlavə edilib

13:43, 03.08.2026

 

Gürcüstan hökumətinin təşəbbüsü ilə yaradılmış www.ekalata.gov.ge məlumat portalında istifadəçilər üçün yeni funksionallıq istifadəyə verilib.

13 əsas qida məhsulu ilə yanaşı, veb-saytda ilkin tələbat üçün nəzərdə tutulmuş 10 əsas qeyri-qida məhsulunun qiymətləri də əlçatan olub, bu da istifadəçilərə gündəlik tələbat məhsullarının daha geniş spektri üzrə qiymətləri müqayisə etmək və ən yaxşı təklifləri tapmaq imkanı verir.

Qeyri-qida məhsulları kateqoriyasına şəxsi gigiyena və məişət təyinatlı 10 məhsul, o cümlədən diş pastası, maye və bərk əl sabunu, şampun, qab-qacaq yuyan maye, süfrə salfeti və digər ilkin tələbat məhsulları daxildir.

Avqustun 3-ü saat 12:00-a olan vəziyyətə görə portalda yerləşdirilən məlumatlara əsasən, 13 əsas qida məhsulunun ən aşağı ümumi dəyəri 37.65 lari, ilkin tələbat üçün nəzərdə tutulmuş 10 əsas qeyri-qida məhsulunun ən aşağı ümumi dəyəri isə 38.16 lari təşkil edir.

Hazırda www.ekalata.gov.ge-də 13 ən böyük ticarət şəbəkəsinin 477 ən yaxşı təklifi təqdim olunub.

www.ekalata.gov.ge Gürcüstan hökumətinin təşəbbüsü və Parlamentin qida məhsulu, dərman vasitələri və yanacağın qiymətinin formalaşması strukturunu öyrənən müvəqqəti komissiyası tərəfindən hazırlanmış qısamüddətli strategiya çərçivəsində yaradılıb. Platformanın məqsədi istifadəçiyə əsas qida məhsulları üzrə mövcud olan ən yaxşı təkliflər haqqında məlumatı tək bir məkanda toplamaq, məlumatlı seçim etməyə şərait yaratmaq və FMCG sektorunda rəqabət mühitini daha da gücləndirməkdir.

Məlumat portalı cari ilin iyun ayının sonunda fəaliyyətə başlayıb. Ötən dövr ərzində əsas qida məhsullarının ən aşağı ümumi dəyəri 15% azalıb, veb-saytdan isə minlərlə istifadəçi yararlanıb.

Portalda məlumat ticarət şəbəkələri tərəfindən təqdim olunan göstəricilər əsasında müntəzəm olaraq yenilənir.

Məlumatı Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi yayır.

Oxşar