"Washington Post"un məlumatına əsasən, Venesuelada Nikolas Maduronun saxlanılması əməliyyatında təxminən 75 nəfər həyatını itirib
Venesuelada Nikolas Maduronun saxlanılması əməliyyatında təxminən 75 nəfər həyatını itirib – bu haqda məlumatı “Washington Post” yayır.
Nəşrin məlumatına əsasən, həlak olanların əksəriyyəti Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin nümayəndələridir, bundan başqa, hərbi əməliyyat zamanı bir neçə mülki şəxs də həlak olub.
“Washington Post”un məlumatına əsasən, Nikolas Maduronun iqamətgahına hücum zamanı yeddi amerikalı əsgər güllə yarası alıb. Onların bir hissəsi Texas hərbi tibb mərkəzinə aparılıb.
Pentaqon daha sonra yaralı əsgərlərdən beşinin artıq xidmətə qayıtdığını, ikisinin isə hələ də sağalma prosesində olduğunu açıqlayıb.
Məlumat üçün bildirək ki, yanvarın 3-ü gecəsi Donald Trampın əmri ilə ABŞ-nin “Delta Force”u Venesuelada əməliyyat keçirib və bu əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşını yaxalayıblar. Onlar Nyu-Yorka gətiriliblər və orada məhkəmə prosesi başlayıb.
Əməliyyatdan sonra Donald Tramp ABŞ-nin “hakimiyyətin müstəqil şəkildə ötürülməsi” təmin olunana qədər Venesuelanı idarə edəcəyini bəyan edib.
Yanvarın 5-də ABŞ Prezidenti Venesuela Prezidentinin səlahiyyətinin icraçısı Delsi Rodriqezdən Amerika Birləşmiş Ştatlarına ölkənin resurslarına “tam çıxış” verməsini tələb etdi, imtina edilməsi halında isə “çox yüksək bədəl” ilə hədələdi.