“Washington Post” – Çin hökuməti ilə əlaqəli hakerlər ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyalara cavabdeh olan bir neçə departamentində kompüter sistemini sındırıblar

17:22, 02.01.2025

 

Çin hökuməti ilə əlaqəli hakerlər ABŞ-ın Maliyyə Nazirliyinin iqtisadi və ticarət sanksiyalarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olan bir neçə departamentində kompüter sistemini sındırıblar.

Bu barədə “Washington Post” qəzeti yazır.

Anonim mənbələrin məlumatına əsasən, Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) və Maliyyə Tədqiqatları Ofisinin (OFR) serverləri hakerlərin hücumunun hədəfi olub. Bundan başqa, hakerlər ABŞ-ın Xəzinədarlıq Departamentinin rəhbəri Canet İellenin ofisini sındırmağa çalışıblar.

Cari həftənin əvvəlində ABŞ-ın Xəzinədarlıq Departamenti Konqresə göndərdiyi məktubda konqresmenlərə məlumat verib ki, hakerlər “böyük insident” zamanı məxfi məlumatları ehtiva etməyən sənədləri oğurlayıblar, eləcə də kibertəhlükəsizlik xidmətlərinin xarici provayderini “BeyondTrust” şirkətini sındırıblar.

Nəşrin məlumatına əsasən, ABŞ-ın maliyyə sanksiyaları tətbiq edə biləcəyi Çin təşkilatları Çin Xalq Respublikası hökumətinin maraq dairəsindədir. Dekabrda Canet İellen bildirmişdi ki, Vaşinqton Çin banklarına qarşı sanksiyaların tətbiqini istisna etmir, çünki onlardan bəziləri Rusiyaya sanksiyalardan yayınmağa kömək edir.

ABŞ-ın Xəzinədarlıq Departamenti “Washington Post”un məlumatını şərh etməyib. Öz növbəsində, Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Peniu qəzetin məlumatını “məntiqsiz”, “faktiki əsassız” və Pekinə qarşı “böhtan xarakterli hücum” kimi qiymətləndirib. O iddia edir ki, Çin “kiberhücumların bütün formalarına qarşı mübarizə aparır”.

Oxşar