"Wall Street Journal" - Tramp Administrasiyası Ukraynanın rus dronlarına qarşı istifadə etdiyi detonatorların bir hissəsini Yaxın Şərqə yönləndirəcək
ABŞ Prezidentinin Administrasiyası Ukrayna üçün alınmış və Kiyevin rus dronlarını dəf etmək üçün istifadə etdiyi detonatorları Yaxın Şərqdə yerləşən ABŞ-nin Silahlı Qüvvələrinə yönləndirmək qərarını verib.
Bu barədə “Wall Street Journal” yazır.
Məqalədə qeyd olunub ki, keçən həftə Pentaqon Konqresə məlumat verib ki, bundan sonra bu detonatorlar Yaxın Şərqdə yerləşən Amerika bölmələrinə yönləndiriləcək. Pentaqon Senatın Silahlı Qüvvələr Komitəsinə məlumat verib ki, amerikalı hərbçilər üçün detonatorlara ehtiyac “müdafiə katibinin aşkarladığı təxirəsalınmaz tapşırıqdır”.
“Wall Street Journal”ın məlumatına əsasən, bu detonatorlar yüksək dəqiqlikli sistemlər üçün nəzərdə tutulub. ABŞ bu texnologiyanı bir neçə il bundan əvvəl Ukraynaya verib və ukraynalılar rus dronlarından özlərini müdafiə etmək üçün ondan “yer-hava” tipli raket sistemlərində istifadə edirdilər, Pentaqon isə onların effektivliyini yüksək qiymətləndirirdi. Hərbi Hava Qüvvələri raketlər üçün onları elə şəkildə uyğunlaşdırıb ki, onların “F-16” və “F-15E” qırıcı təyyarələrindən buraxılması mümkün olub. Bu sistem “hava-hava” sinfinə aid olan “Sidewinder” və “AMRAAM” raketlərindən daha ucuz başa gəlir.