“Wall Street Journal” – Donald Tramp Kim Çen Inlə payızda görüşmək istəyir, lakin mümkün görüşə dair rəsmi hazırlıqlara hələ başlanılmayıb

13:13, 19.08.2026

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə payızda görüşmək istəyir. Bu barədə “Wall Street Journal” yazır.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidenti Asiyaya növbəti səfəri zamanı, ehtimal ki, noyabr ayında, Şimali Koreya lideri ilə üz-üzə görüş keçirmək imkanını şəxsən müzakirə edib.
Lakin mənbələrin bildirdiyinə görə, mümkün görüşlə bağlı rəsmi hazırlıqlara hələ başlanılmayıb.
“Tramp Şimali Koreya ilə dialoqun bərpası üçün üz-üzə görüşü fürsət hesab etsə də, analitiklər, eləcə də ABŞ-dakı bəzi rəsmilər əhəmiyyətli irəliləyiş gözləmirlər. Çünki Donald Tramp və Kim Çen In arasında keçirilmiş əvvəlki üç sammitdən sonra Şimali Koreyanın nüvə arsenalı daha da güclənib”, – deyə nəşr yazır.
Qeyd edək ki, prezidentliyinin ilk dönəmində Donald Tramp Kim Çen Inla üç dəfə – Sinqapurda, Hanoyda və iki Koreya arasındakı sərhəddə görüşüb. Bu, ABŞ-ın fəaliyyətdə olan prezidentinin Şimali Koreya ərazisinə ilk dəfə ayaq basması kimi tarixə düşüb.
“Wall Street Journal”ın qiymətləndirməsinə görə, tərəflər arasında diplomatik təmaslar konkret nəticə verməyib. Bununla belə, Tramp danışıqları müsbət qiymətləndirib və Şimali Koreya tərəfindən nüvə təhlükəsinin artıq mövcud olmadığını bildirib.

Oxşar