“Wall Street Journal” – Ağ Ev Ukrayna tərəfinə atəşkəslə bağlı Trampın təkliflərini təqdim edib, Krımın ilhaqının tanınması və Ukraynanın NATO-ya üzvlüyündən imtina onların arasındadır

16:47, 21.04.2025

 

“Wall Street Journal”ın məlumatına əsasən, Ağ Ev Ukrayna tərəfinə atəşkəslə bağlı Trampın təkliflərini təqdim edib, Krımın ilhaqının tanınması və Ukraynanın NATO-ya üzvlüyündən imtina onların arasındadır.

“Wall Street Journal”ın yüksək rütbəli qərbli məmurlara istinadən yazdığı kimi, bu ideyalar Trampın nümayəndələrinin keçən həftə Parisdə ukraynalı həmkarlarına verdikləri məxfi sənəddə təqdim olunur. Oxşar təklifləri ABŞ-nin avropalı müttəfiqlərinə də təqdim ediblər.

Bundan əvvəl “Bloomberg” agentliyi ABŞ-nin Rusiya tərəfindən Krımın ilhaqı məsələsini nəzərdən keçirdiyinə dair məlumat yaymışdı.

Bundan başqa, daha bir ideya Zaporojie Atom Elektrik Stansiyasının ətrafındakı ərazinin neytral elan edilməsi və ABŞ-nin nəzarətinə keçməsidir. Hazırda elektrik stansiyasını ruslar zəbt ediblər.

“Wall Street Journal”ın yazdığı kimi, ABŞ indi Kiyevin bu təkliflərə cavabını gözləyir. Kiyevin cavabının bu həftənin sonunda, ABŞ, Ukrayna və Avropanın nümayəndələrinin Londona toplaşacağı zaman məlum olacağı gözlənilir. Əgər Londonda Amerika, Avropa və Ukraynanın mövqeləri üst-üstə düşərsə, o zaman bu təkliflər Moskvaya çatdırılacaq.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin yüksək rütbəli məmurunun bəyan etdiyi kimi, bu ideyalar Kiyev üçün müzakirə olunacaq variantlardır, yekun təkliflər deyil.

Həmçinin, “Wall Street Journal” qeyd edir ki, ABŞ tərəfindən təqdim edilən təkliflər nə Ukraynanın, nə də Rusiyanın tələblərinə cavab verir. Ukrayna Krımın ilhaqını tanımağı müzakirə etmir, Rusiya isə hesab edir ki, Ukraynanın daha dörd regionu ona məxsusdur. Bu təkliflər, həmçinin, Ukrayna ordusunun sayının azaldılması, Qərbin Ukraynaya hərbi dəstəkdən imtina etməsini və Avropa hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsindən imtinanı nəzərdə tutan Rusiyanın daha bir tələbini əhatə etmir.

Oxşar