“Wall Street Journal” – ABŞ, İranda istifadə olunan raket ehtiyatlarını tam şəkildə yeniləmək üçün, ola bilsin ki, altı ilə qədər vaxt sərf etməli olacaq
“Wall Street Journal”-ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ-ın İranda istifadə etdiyi raket ehtiyatlarını tam şəkildə bərpa etməsi üçün təxminən altı ilə qədər vaxt tələb oluna bilər.
Məlumata əsasən, İranda münaqişənin başlanmasından sonra ABŞ 1000-dən çox uzaqmənzilli “Tomahawk” tipli raket və təxminən 2000 ədəd hava hücumundan müdafiə raketi istifadə edib.
ABŞ rəsmiləri bildirirlər ki, administrasiyada ölkənin Tayvanın müdafiəsi kimi mümkün digər hərbi böhranlara nə dərəcədə hazır olması ilə bağlı suallar getdikcə artır. Bununla belə, amerikalı rəsmilər Çinlə yaxın zamanda münaqişə ehtimalının olmadığını vurğulayırlar.
Mənbələrin sözlərinə görə, qısamüddətli perspektivdə ABŞ bəzi növ sursat çatışmazlığı ilə üzləşə bilər ki, bu da hərbi planlamaya təsir göstərə bilər. “Wall Street Journal” yazır ki, administrasiyanın bir hissəsi bu problemin müdafiə sənayesinin gücləndirilməsi və daha ucuz sursat istehsalının sürətləndirilməsi ilə həll edilə biləcəyini düşünür.
Daha əvvəl CNN də xəbər vermişdi ki, İranla münaqişə zamanı ABŞ “Patriot” tipli raketlərin təxminən 50 faizini artıq istifadə edib.