"Wall Street Journal" - ABŞ Dövlət Departamenti başqa ölkələrin seçkiləri ilə bağlı ictimai qiymətləndirmələrə məhdudiyyətlər tətbiq edir
ABŞ Dövlət Departamenti xarici seçkilər ilə bağlı ictimai qiymətləndirmələrə məhdudiyyətlər tətbiq edir, bununla da o, illər ərzində istifadə olunan və demokratik standartların təşviqinə xidmət edən təcrübədən imtina edir. Bu barədə məlumatı “Wall Street Journal” qəzeti Dövlət Departamentinin daxili direktivinə istinadən yayır.
ABŞ-nin dövlət katibi Marko Rubionun imzaladığı memoranduma əsasən, əgər aydın və inandırıcı xarici siyasi zərurət mövcud deyilsə, Amerika Birləşmiş Ştatları digər ölkələrin seçkilərinin legitimliyi, ədalətliliyi və demokratikliyi barədə şərhlərdən çəkinəcək.
Sənəddə vurğulanıb ki, bu qərar prezident Donald Trampın administrasiyası tərəfindən milli suverenlik prinsipi üzərində diqqətin cəmlənməsi ilə bağlıdır. Memorandumda qeyd olunub ki, seçkilərdən sonra Dövlət Departamentinin bəyanatları yalnız qalibə təbriklərlə məhdudlaşmalıdır və seçki prosesinin istənilən formada qiymətləndirilməsindən çəkinilməlidir.
Nəşrin məlumatına əsasən, Tramp bundan əvvəl ABŞ-nin digər ölkələrə idarəetmə formalarını təlqin etmək praktikasından imtina etməli olduğunu bildirib və bu siyasəti “dağıdıcı müdaxilə” adlandırıb.