Volodimir Zelenskinin məlumatına görə, İstanbulda Rusiya nümayəndə heyəti ilə aparılacaq danışıqlarda Ukrayna tərəfinə Rustem Umerov rəhbərlik edəcək
Türkiyədə Rusiya tərəfi ilə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək – bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski yayıb.
Rustem Umerov bundan əvvəl müdafiə naziri vəzifəsini tuturdu və bir neçə gün əvvəl Volodimir Zelenski tərəfindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edilib.
“Mən ona Rusiya tərəfi ilə danışıqlar üçün nümayəndə heyətinin formalaşdırılmasını tapşırdım. Nümayəndə heyətinə Rustem Umerov rəhbərlik edəcək. Heyətin tərkibinə Ukrayna kəşfiyyatının, Xarici İşlər Nazirliyinin və Prezident Administrasiyasının nümayəndələri daxil olacaq,” – deyə Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Volodimir Zelenskinin sözlərinə görə, Kiyev əsirlərin azad olunması, oğurlanmış uşaqların qaytarılması, qətllərin dayandırılması və liderlərin görüşünə hazırlıq üçün bu müharibənin real şəkildə bitməsi naminə məhsuldar işləməyə hazırdır.
“Bizim mövqeyimiz maksimum şəffafdır. Ukrayna müharibə istəmirdi və onu başladan Rusiya özü onu bitirməlidir,” – deyə Zelenski bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti bəyan etmişdi ki, Ukrayna və Rusiya arasında danışıqların növbəti raundu 23 iyulda keçiriləcək.