Volodimir Zelenski Ukraynanın şərqindəki qala-istehkamları müdafiə etmək üçün iki ən nüfuzlu ukraynalı komandanı təyin etdiyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqindəki qala-istehkamları müdafiə etmək üçün iki ən nüfuzlu ukraynalı komandanı təyin etdiyini bildirib.
“Donetsk vilayətindəki mövqelərimiz iki yenilənmiş qruplaşma hesabına möhkəmləndiriləcək. Onların komandanları kimi Ukrayna qəhrəmanları Denis Prokopenko və Andriy Biletski təyin olunacaqlar” – Zelenski qeyd edib.
Ukrayna Prezidenti həmçinin əks-hücumdakı döyüş nailiyyətləri haqqında da danışıb.
“Bu, artıq tarixə çevrilmiş və ukraynalıların öz məqsədlərinə çatmağa, ruslara əhəmiyyətli itkilər vurmağa qadir olduğunu sübut edən əməliyyatlardan biridir. Rusiya qüvvələrini geriyə sıxışdıran hər bir addım xalqımız üçün daha çox təhlükəsizlik və Ukrayna üçün daha çox diplomatik imkan deməkdir” – Zelenski bildirib.
Volodimir Zelenskinin video müraciətində qeyd etdiyi kimi, Ukrayna Birləşmiş Ştatlarla təmasdadır və sülhü necə bərqərar etmək yollarını müzakirə edir.
Məlumat üçün bildirək ki, media Moskvanın qoşunlarının tədricən Donetskin dırnaqarası “qala qurşağı”na doğru irəlilədiyini yazır. Rusiya Ukraynadan bu şəhərləri təhvil verməsini tələb edir və bu, onların müharibəni bitirmək üçün əsas şərtlərindən biridir.