Volodimir Zelenski ukraynalı hərbçilərin Qara dənizdə rus konteyner gəmisini batırdıqlarını və Başqırdıstanda Rusiyanın neft emalı zavodlarına zərbələr endirdiklərini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı hərbçilərin Qara dənizdə “Rosatom”a məxsus Rusiyanın “Yanina” konteyner gəmisini batırdıqlarını təsdiqləyib.
O, Başqırdıstanda yerləşən Rusiyanın üç neft emalı zavodunun infrastrukturuna da zərbələr endirildiyini bildirib.
“Yanina” konteyner gəmisinin batırılması barədə bundan əvvəl “Rosatom”un rəhbəri Aleksey Lixaçov bəyan etmişdi. O, gəmidə olan heyətin 17 üzvünün hamısının vaxtında gəmini tərk etdiyini və xilas olduğunu bildirib. Lixaçov konteyner gəmisinin “mülki təyinatlı” olduğunu qeyd edir.
Ufada yerləşən neft emalı zavodlarına hücumlar barədə ilk olaraq “Telegram” kanalları məlumat yayıb. “Astra” nəşrinin məlumatına əsasən, Ukrayna pilotsuz uçuş aparatlarının zərbəsindən sonra Ufada “Başneft”in neft emalı zavodunda yanğın baş verib.
Başqırdıstan hakimiyyəti dron qalıqlarının sənaye zonasına düşdüyünü bəyan edib. Rəsmi məlumata əsasən, dronlarla həyata keçirilən hücum nəticəsində regionda həlak olan və yaralanan yoxdur.