Volodimir Zelenski – Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərinin istehsalına lisenziyaların verilməsi Donald Trampla razılaşdırılıb

14:29, 25.09.2026

Volodimir Zelenski – Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərinin istehsalına lisenziyaların verilməsi Donald Trampla razılaşdırılıb

Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərinin istehsalına lisenziyaların verilməsi ABŞ Prezidenti Donald Trampla razılaşdırılıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi bu məsələ ilə bağlı yekun razılıq verib.

“Bununla bağlı konkret razılaşmalar var. Prezident Tramp son görüşümüz zamanı yekun qərarı qəbul etdiyini vurğuladı. Ukrayna ‘Patriot’ raketlərinin istehsalı üçün lisenziyalar əldə edəcək”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə detallar açıqlamayıb. O, söhbətin ballistik raketlərə qarşı nəzərdə tutulan PAC-3 tipli, yoxsa daha köhnə PAC-2 modeli raketlərindən getdiyini dəqiqləşdirməyib.

Bununla yanaşı, Zelenskinin sözlərinə görə, ABŞ Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli görüşün təşkili ilə bağlı təklif irəli sürüb. Onun bildirdiyinə görə, Amerika tərəfi mümkün görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini göstərib.

“Amerika tərəfi üçtərəfli formatın hazırlanmasını və texniki səviyyədə görüş keçirilməsini təklif edib. Biz tarixlə bağlı ABŞ-ın təkliflərini gözləyirik. Məkana gəlincə, ABŞ Birləşmiş Ərəb Əmirliklərini təklif edib”, – deyə Ukrayna Prezidenti jurnalistlərə bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ-a səfəri zamanı Donald Trampla gələcək üçtərəfli görüş məsələsini müzakirə etmək imkanı olub.

“Biz Prezident Trampla görüşdük və ümumi məsələləri müzakirə etdik. Bundan sonra bizim danışıqlar qruplarımız müvafiq detalları müzakirə etmək üçün ayrıca və uzunmüddətli görüş keçirilməsini istəyib. Razılaşma belədir: biz bu detalları Avropa tərəfi ilə birlikdə müzakirə edəcəyik və məlumatları təqdim edəcəyik, amerikalılar isə ruslarla danışacaqlar. On gündən sonra bir və ya digər mövqe və nəticə ilə geri qayıdacağıq”, – deyə Zelenski bildirib.

Oxşar