Volodimir Zelenski – Ukrayna Rusiyanın ölkə ərazisindən müharibəni uzatmaq və işğalı sonsuzluğa çevirmək üçün bir vasitə kimi istifadə etməsinə icazə verməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Krım istiqamətindəki əməliyyatının dəqiqliklə hesablandığını bildirib.
O, Ukraynanın Rusiyanın zərbələrinə cavab verməyə davam etdiyini deyib.
“İşğalçılar hazırda Rusiya bayrağı altında olan torpağımızda çox ciddi itkilər verirlər. Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın hərbi logistikası və işğalçıların orada olması həddindən artıq çətinləşib. Bu, Rusiya üçün doğru siqnaldır. Bu, Rusiyanın Ukrayna xalqının və ya hazırda Rusiya ambisiyalarının təhdidi altında olan istənilən başqa xalqın torpağını cəzasız və asanlıqla mənimsəyə bilməyəcəyinə dair siqnaldır” – Ukrayna Prezidenti bildirib.
Bununla yanaşı, Volodimir Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın ölkə ərazisindən müharibəni uzatmaq və işğalı sonsuzluğa çevirmək üçün bir vasitə kimi istifadə etməsinə icazə verməyəcək.
“Bizim əməliyyatımız, xüsusən də Krımla bağlı olan hissəsi dəqiq hesablanıb və onun gedişatı açıq şəkildə göstərir ki, əgər Ukrayna tərəfdaşları ilə “Böyük Yeddilik” çərçivəsində müzakirə etdiyimiz imkanlara sahib olarsa və bu tərəfdaşlarımızın qərarından asılıdır, biz Rusiyanı sülhü seçməyə məcbur edəcək şəraitləri operativ şəkildə yaradacağıq. Tərəfdaşlarımızdan müsbət cavab alacağımıza ümid edirik. Onlar söhbətin nədən getdiyini yaxşı bilirlər. Hazırda hərbçilərimiz Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində və Rusiyanın daxilində də Rusiyanın müharibəsinə kömək edən, ümumiyyətlə bu müharibəni və Rusiya təcavüzünü mümkün edən hər şeyi məhv edirlər” – Zelenski qeyd edib.