Volodimir Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanəti xahiş edib, ABŞ Prezidenti bu mövzu üzərində düşünəcəyinə söz verib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri ilə görüş zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətinin 30-50 il müddətinə verilməsini xahiş etdiyini bildirib.
Məlumat üçün bildirək ki, hazırda tərəflər uzadıla bilən 15 illik təhlükəsizlik zəmanətinin verilməsi imkanını müzakirə edirlər.
“Mən Trampa dedim – bizdə müharibə artıq demək olar ki, 15 ildir davam edir, buna görə də zəmanətlərin daha uzun müddətli olması üçün böyük istək var. Mən ona dedim ki, Ukraynanın 30-40-50 illik zəmanətlərin verilməsi imkanını nəzərdən keçirmək üçün böyük istəyi var” – Zelenski deyib.
Həmçinin, Zelenski bildirib ki, Ukraynadakı hərbi vəziyyət rejimi yalnız ABŞ Konqresi və Ukrayna Parlamentinin təsdiq edəcəyi təhlükəsizlik zəmanətləri qəbul olunduqdan sonra başa çatacaq.
Ukrayna lideri atəşkəsin təhlükəsizlik zəmanəti olmadan müharibənin bitməsi demək olmadığını bildirib.
Zelenski zəmanətlərin monitorinqi və tərəfdaşların yerində olmasını əhatə etməli olduğunu deyib.