Volodimir Zelenski – Rusiyaya qarşı sanksiyaların istənilən şəkildə yüngülləşdirilməsi zəifliyin bariz əlamətidir, Putinə verilən hədiyyələr sülh gətirməyəcək, Rusiya dizel yanacağının əvəzini terrorla “ödəyəcək”
Rusiyaya qarşı sanksiyaların deeskalasiya ilə bağlı aydın və uzunmüddətli razılaşma olmadan istənilən şəkildə yüngülləşdirilməsi zəifliyin bariz əlamətidir – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna Prezidenti ABŞ Prezidenti Donald Trampın sanksiyaları müvəqqəti dayandırmaq və rus dizel yanacağının qlobal bazarlara tədarükünə icazə vermək qərarına münasibət bildirib.
“Bu, Rusiyanın xeyrinə işləyir, çünki bu, Rusiyanın daha çox insanı qətlə yetirəcəyini, daha uzun müddət döyüşəcəyini, Amerikaya daha da az hörmət edəcəyini və dünyaya daha çox itki və zərər vuracağını təmin edir” – Zelenski qeyd edib.
Zelenskinin qeyd etdiyi kimi, Ukrayna deeskalasiyaya doğru cavab addımları atmağa hazırdır və Amerika komandası bu mövqedən xəbərdardır.
“Rusiyanın neft emalı zavodlarına və digər neft obyektlərinə zərbələrimiz Rusiyanın Ukraynanın energetika sektoruna qarşı uzun müddətdir həyata keçirdiyi terror kampaniyasına cavabdır” – Ukrayna Prezidenti açıqlayıb.
Zelenski, Rusiyanın Ukraynanın energetika sektorunu məhv etməyəcəyi təqdirdə, Ukraynanın da Rusiyanın neft emalı zavodlarını məhv etməyəcəyini izah edib.
“Biz Amerikaya məhz bu cür razılaşma təklif edirik. İnanırıq ki, Birləşmiş Ştatların belə bir kompromisə nail olmaq üçün kifayət qədər gücü var” – Zelenski açıqlayıb.
Ukrayna Prezidenti, sanksiyaların yüngülləşdirilməsinin Ukraynada sülhün bərqərar olmasına kömək etməyəcəyini bildirib.
“Putinə verilən hədiyyələr sülh gətirməyəcək və sivil dünyaya heç bir fayda verməyəcək. Rusiya dizel yanacağının əvəzini növbəti terror və çirkin əməllərlə “ödəyəcək” – Zelenski qeyd edib.
Zelenskinin bəyanatına əsasən, Rusiyaya neft məhsulları satmağa icazə verilməsi davam etdirilməli deyil, bitirilməli olan müharibəyə yatırılan investisiyadır.
“Bizə Rusiya ilə real və güzgü formatında deeskalasiya lazımdır” -Ukrayna Prezidenti açıqlayıb.
Ukrayna Prezidenti Birləşmiş Ştatların ukraynalıların da həyatını qoruyacağına ümid etdiyini bildirib.
“Biz Amerikanın Ukraynada həyatın, insanların qorunmasına dair ədalətli dəstəyinə və Birləşmiş Ştatlar ilə Rusiya arasında müvafiq həlledici söhbətə ümid edirik. Zəif deyil, qətiyyətli” – Ukrayna Prezidenti qeyd edib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Rusiya Prezidenti Vladimer Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ-a və qlobal bazara 1.8 milyon ton dizel yanacağı tədarük edəcəyini yazmışdı. Bununla yanaşı, Rusiya Prezident Administrasiyası Rusiya tərəfinin Amerika və qlobal bazarlara neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqlədiyini, onun satışı, tədarükü, yüklənməsi və o cümlədən ABŞ-a idxalı ilə bağlı bütün əməliyyatlara isə aprelin 7-dək icazə verildiyini izah edib.