Volodimir Zelenski – Rusiya ballistik raketlər üçün lazım olan kritik komponentlərin əksəriyyətini hələ də Qərbdən alır
Ukrayna Prezidentinin sözlərinə əsasən, Rusiyanın ballistik raket istehsal edən şirkətlərinin əksəriyyəti müxtəlif xarici yurisdiksiyalardan istifadə etməklə Avropa və Amerika sanksiyalarından yayınır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilən və 100-dən çox diplomatın iştirak etdiyi illik görüşdə deyib.
Məlumatı Ukraynanın İctimai Yayımçısı yayır.
Yayımçının məlumatına əsasən, Zelenski Avropa İttifaqı, ABŞ, İsveçrə, Yaponiya və digər tərəfdaş ölkələrin sanksiyalarının sinxronlaşdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə əsasən, bu, Rusiyaya hərbi-sənaye kompleksi üçün zəruri olan məhsulları əldə etməkdə hesablaşmalara kömək edən istənilən bank və maliyyə institutuna qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilmələri üçün lazımdır.
Ukrayna Prezidentinin bəyanatına əsasən, bu cür bankların həm beynəlxalq əməliyyatlar üçün çoxlu maliyyə güzəştlərinin qüvvədə olduğu ofşor yurisdiksiyalarda, həm də Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalara qoşulmayan Çində nümayəndəlikləri var.
“Rusiyanın ballistik raketlər istehsal edən 17 əsas müəssisəsindən əksəriyyəti müxtəlif yurisdiksiyalarda mövcud olan sanksiya boşluqlarından yararlanır” – Zelenski bildirib.
Onun sözlərinə əsasən, Rusiyaya raketlər üçün lazım olan kritik komponentlərin əksəriyyəti bu günə qədər Qərbdən tədarük edilir.
“Eyni hal Şimali Koreya raketlərinə də aiddir. Bunlar yeni, son zamanlar həyata keçirilmiş tədarüklərdir” – Ukrayna Prezidenti bildirib.