Volodimir Zelenski – Qərbli tərəfdaşlar “Qələbə planı”nı dəstəkləməsələr, bu, böyük səhv və Rusiya üçün imtiyaz olacaq
Ukraynanın Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, Avropa İttifaqının liderlərinin əksəriyyəti onun təqdim etdiyi “Qələbə planı”nı dəstəkləyib.
Bu haqda Volodimir Zelenski Avropa İttifaqının liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynanın Prezidenti liderlərlə görüşü məhsuldar adlandırıb.
Zelenski ayrı-ayrı üzv tərəfdaşlarla, Ukraynanın güclənməsinin asılı olduğu ölkələrin liderləri ilə aparılan danışıqlara da diqqət yetirib.
“Bu ölkələrin bizi uzaqmənzilli silahlarla silahlandırıb-silahlandırmamağa böyük təsiri var . Bu silah növü ilə bağlı danışdığım ölkələr arasında müsbət siqnallar da var idi. Biz, Ukraynanın müdafiəsi üçün əsas donor kimi ABŞ-ın mövqeyinin müsbət və həlledici olmasını çox istəyirik” – Zelenski bildirib.
O deyib ki, tərəfdaşlar silahlanma, eləcə də NATO-ya üzvlük və iqtisadi səylərlə bağlı bəndləri özündə ehtiva edən “Qələbə planı”nı dəstəkləməsələr, bu, böyük səhv və Rusiya üçün imtiyaz olacaq.
“Ukraynanın zəifliyi Rusiya üçün gücdür. Düşünürəm ki, bu, böyük səhv olacaq” – Volodimir Zelenski bildirib.