Volodimir Zelenski “Qələbə planı”nı Avropa İttifaqının liderlərinə təqdim edib – Əgər indi başlasaq və “Qələbə planı”na əməl etsək, gələn ildən gec olmayaraq müharibəni bitirə biləcəyik
Ukraynanın Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasında “Qələbə planı”nı Avropa İttifaqının liderlərinə təqdim edib.
Sammitdə çıxış edən Zelenski, Avropa birliyinin həm də təkcə Ukraynanın deyil, bütün Avropa xalqının təhlükəsizliyini təmin edən silah olduğunu qeyd edib.
Zelenski deyib ki, yalnız “Qələbə planı” Rusiyanı “əsl diplomatiya”ya hazırlaya və onu “ədalətli sülhə” məcbur edə bilər.
Volodimir Zelenski müharibəyə son qoymaq üçün ikinci sülh sammitinin keçirilməsinin zəruriliyini qeyd edib və bu baxımdan “Sülh formulu”nun əhəmiyyətindən danışıb.
“Biz “Sülh formulu”nun bəndləri ilə bağlı artıq dörd görüş keçirmişik. Bu gün Fransada beşincisi keçirilir. Fransaya onun keçirdiyinə görə minnətdaram. Noyabrda biz “Sülh formulu” əsasında tam hüquqlu sənəd hazırlayacağıq və onu Sülh Sammitində ruslar da daxil olmaqla hamı ilə paylaşacağıq” – Zelenski bildirib.
Volodimir Zelenski sammit iştirakçılarını Ukraynaya “Qələbə planı”nı həyata keçirməyə kömək etməyə çağırıb.
“Əgər indi başlasaq və “Qələbə planı”na əməl etsək, gələn ildən gec olmayaraq müharibəni bitirə biləcəyik” – Ukraynanın Prezidenti bildirib.
O, bu planın məqsədinin təkcə Ukraynanı deyil, bütün Avroatlantik ictiamiyyəti gücləndirmək olduğunu deyib.
“Rusiya yalnız güclə heç nəyə nail olmağın mümkün olmadığını görəndə, diplomatiyaya əl atacaq. Biz bu müharibəni bitirmək üçün müvafiq şərait yaratmalıyıq” – Volodimir Zelenski qeyd edib.
Ukraynanın Prezidenti, avropalı liderlərin dəstəyinə ümid etdiyini bildirib.
“Ukrayna əsl diplomatiyaya hazırdır, lakin bunun üçün biz güclü olmalıyıq. Ədalətli sülh əvəzinə, zorla üzərimizə qoyulmuş məcburi atəşkəs heç vaxt təhlükəsizliyi təmin etmədi. Müharibə qayıdanda heç kim xoşbəxt deyil” – Volodimir Zelenski qeyd edib.
Xatırladaq ki, Ukraynanın “Qələbə planı” beş bənddən ibarətdir, onlardan birincisi Ukraynanın dərhal NATO-ya dəvət edilməsidir.