Volodimir Zelenski - Polşa tərəfinə rus dronlarının, xüsusilə də “Shahed”lərin məhv edilməsi üçün təlim və hazırlığa dair yardımımızı təklif etdim
Volodimir Zelenski - Polşa tərəfinə rus dronlarının, xüsusilə də “Shahed”lərin məhv edilməsi üçün təlim və hazırlığa dair yardımımızı təklif etdim

 

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə danışıb. Bu barədə Zelenski sosial şəbəkədə yazır.

Donald Tuskdan başqa, Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni və NATO-nun baş katibi Mark Rutte ilə də telefonla danışıb.

Zelenski söhbətin mövzusunun rus dronları tərəfindən Polşanın hava məkanının pozulması olduğunu deyib. Ukrayna lideri bildirir ki, rus dronları daha əvvəl də NATO üzvü olan ölkənin hava məkanını pozub, lakin bu dəfə dronların sayı xeyli çox olub.

“Dronlar təkcə Ukrayna ərazisindən deyil, həm də Belarusdan daxil olublar. Biz hamımız eyni dərəcədə başa düşürük ki, bu, Rusiya tərəfindən tamamilə fərqli səviyyəli eskalasiyadır. Onlara müvafiq cavab verilməlidir” – Zelenski yazır.

O, həmçinin qeyd edir ki, Donald Tusk söhbət zamanı ona İran və Rusiya istehsalı olan dronların aşkar edilmiş hissələri barədə danışıb.

“Rusiyanın bu həyasız davranışının bir neçə səbəbi var və onlar hamı üçün tamamilə aydındır. Biz birgə hava hücumundan müdafiə sistemi üzərində işləməli və Avropa üzərində effektiv hava qalxanı yaratmalıyıq. Ukrayna uzun müddətdir ki, bunu təklif edir və konkret qərarlarımız var. Polşa tərəfinə rus dronlarının, xüsusilə də “Shahed”lərin məhv edilməsi üçün təlim və hazırlığa dair yardımımızı təklif etdim. Donaldla hərbçilər səviyyəsində müvafiq əməkdaşlıq barədə razılaşdıq. Həmçinin, NATO-ya üzv bütün dövlətlərlə koordinasiyada olacağıq” – Ukrayna Prezidenti yazır.