Volodimir Zelenski: Müttəfiqlərin anbarlarında ‘Patriot’ raketləri olduğu müddətcə, Rusiya Ukraynada yaşayış binalarına hücumları davam etdirəcək
Volodimir Zelenski Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücumdan sonra Ukraynanın tərəfdaşlarını ölkəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsinə çağırıb.
Zelenskinin sözlərinə görə, Ukrayna hərbçiləri dron və raketlərin qarşısının alınmasında yaxşı nəticələr göstərsələr də, Rusiya ballistik raketlərinə qarşı kifayət qədər imkanlara malik deyillər.
“Çox vacibdir ki, dünya, ilk növbədə ABŞ və Avropa İttifaqı daxil olmaqla Avropa tərəfdaşlarımız, NATO sammitini səmadakı, yəni mülki əhalinin həyatının qorunmasına dair qəti qərarlarla başa vursun. Nə qədər ki ‘Patriot’ raketləri müttəfiqlərin anbarlarında qalır, bu, Rusiyanı yaşayış binalarına hücumları davam etdirməyə təşviq edir. ABŞ və Avropanın bu terroru dayandırmaq üçün kifayət qədər imkanları var”, – deyə Zelenski bildirib.
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, 29 ballistik raketdən heç biri vurula bilməyib və bu, “Patriot” sistemləri üzrə çatışmazlığa işarə edir.
Qeyd olunur ki, gecə ərzində Rusiya Ukraynaya kütləvi hücum həyata keçirib. Ümumilikdə 419 drondan 363-ü Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Raketlərdən biri Kiyevdə 9 mərtəbəli yaşayış binasına düşüb və binanın bir hissəsi uçub. Nəticədə azı 11 nəfər həlak olub, 60 nəfər yaralanıb. Şəhərdə ən azı 15 bina zədələnib və ya dağılıb.