Volodimir Zelenski – Müharibəni bitirmək üçün Tramp mənə qarşı istifadə etdiyi ritorikanı Putinə yönəltməlidir
Müharibəni bitirmək üçün Tramp mənə qarşı istifadə etdiyi ritorikanı Putinə yönəltməlidir – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Diary of a CEO”ya müsahibəsində açıqlayıb.
O, Donald Trampın Putinə qarşı münasibətini niyə dəyişdiyini bilmədiyini deyib. Eyni zamanda Zelenski ABŞ Prezidentinin siyasi iradəsinin müharibənin başa çatmasına kömək edə biləcəyini bildirib.
“Tramp Putini danışıqlar masası arxasında əyləşməyə çox asanlıqla məcbur edə bilər. Tramp mənə qarşı istifadə etdiyi ritorikanı Putinə yönəltməlidir. Onun masasının üstündə Rusiyaya qarşı sanksiyalar var – buna özü yox, Konqres səs verib və o, bunu edə bilər. Bəlkə də onunla Putinin xüsusi münasibəti var, bəlkə də başqa bir şeydir – niyə belə olduğunu bilmirəm” – Zelenski qeyd edib.
Trampın Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin qalxmasında Ukrayna Prezidentinin günahkar olması barədə bəyanatına gəlincə, Zelenski bunun ədalətsiz olduğunu hesab edir.
O bildirib ki, Ukrayna təcavüzkar ölkənin Ukraynanın energetika infrastrukturuna hücumlarına cavab olaraq “rus dizelinə hücum edir”. Enerji obyektlərinə hücumların dayandırılması vəziyyəti dəyişə bilər, lakin Tramp hələlik bu məsələdə razılıq əldə edə bilməyib.
“Prezident Tramp bu məsələdə Putinlə razılığa gələ bilmir. Putin bundan imtina edir. Buna görə də prezident Tramp Putini deyil, məni günahlandırır. O, amerikalılara izah edir ki, ABŞ-da qiymətlər biz Rusiyaya hücum etdiyimiz üçün qalxır – bu yalandır. Bizim Trampla yaxşı münasibətimiz var və düşünürəm ki, onun məni günahlandırması ədalətsizlikdir. O, konteksti dəyişir” – Volodimir Zelenski açıqlayıb.