Volodimir Zelenski – Müharibə zamanı seçki keçirmək qeyri-mümkündür, uşaqlar məktəbə gedə bilmirlər, seçkilərin keçirilməsini necə gözləyirsiniz?
Müharibə zamanı Ukraynada seçkilərin keçirilməsi konstitusiya müddəaları, hüquqi məhdudiyyətlər və təhlükəsizlik vəziyyətinə görə qeyri-mümkündür – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, seçkiləri keçirmək üçün əvvəlcə bir neçə aylığına atəş dayandırılmalı və müharibəni bitirmək üçün yol tapılmalıdır, bundan sonra da səsvermənin keçirilməsi mümkün ola bilər.
“Mən sabah belə seçki keçirməyə hazıram, lakin müharibə davam edərsə, biz bunu Konstitusiyaya, seçki qanunvericiliyinə və ya ən əsası təhlükəsizlik vəziyyətinə uyğun olaraq edə bilmərik. İlk növbədə, insanlar, uşaqlar məktəbə gedə bilmirlər. Seçkilərin keçirilməsini necə gözləyirsiniz? Xaricdə mühacirətdə 9 milyon insan olduğu halda seçkilər necə keçirilə bilər? Adətən xaricdə 500 000 nəfər səs verir. İşğal olunmuş ərazilərdə müvəqqəti yaşayan insanlara gəlincə, orada rus əsgərləri var. Bütün bunları necə etmək olar?” – Ukrayna Prezidenti bildirib.
Jurnalist keçmiş müdafiə naziri Mixail Fedorovun hətta uzanan müharibə şəraitində belə Ukraynanın seçki keçirmək üçün qanuni və təhlükəsiz mexanizm tapmalı olduğu barədə bəyanatını xatırladıb. Bu məsələyə münasibət bildirən Zelenski qeyd edib ki, onun fikrincə, hazırda ölkədə seçki keçirilməsinin tərəfdarı olanlar şəxsi məqsədlər güdürlər və siyasətdə qalmaq istəyirlər.
“Mən bunu xəta hesab edirəm. Müharibə dövründə sülh bir nömrəli hədəfdir. Siyasət ikinci sırada belə deyil. Belə vaxtda siyasətçilər üçün siyasət onuncu yerdədirsə, xalq üçün yüzüncü yerdədir. Xalqın başqa prioritetləri var: necə sağ qalsın, necə yaşasın, məktəbə necə getsin” – Volodimir Zelenski bildirib.