Volodimir Zelenski Kiyevdə yaşayış binasına endirilən zərbəni “amansız” və “iyrənc” adlandırır, tərəfdaşlarını isə Rusiyaya qarşı təzyiqləri artırmağa çağırır

16:36, 25.09.2026

Rusiyanın Kiyevə endirdiyi hava zərbələrinə Ukrayna Prezidenti Volodimir Zelenski münasibət bildirib. O, yaşayış binalarına endirilən zərbələri amansız və iyrənc adlandırıb. Zelenski hadisə nəticəsində həlak olan yeniyetmənin ailəsinə başsağlığı verib.
“Bu səhər ruslar Kiyevdə yaşayış binasına dronla zərbə endiriblər. Təəssüf ki, 14 yaşlı oğlan həlak olub. Onun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Daha yeddi nəfər yaralanıb. Hadisə yerində yanğın söndürülüb və hazırda ərazidə ilk müdaxilə qrupları fəaliyyət göstərir”, – deyə Volodimir Zelenski yazıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya qüvvələri səhər saatlarından etibarən səkkiz regionu bombalayıb. Hücumların hədəfləri arasında xəstələrin olduğu tibb müəssisəsi də olub.

“Günün əvvəlindən etibarən ümumilikdə səkkiz region bombalanıb. Odessada poçt obyektinə endirilən təkrar zərbə nəticəsində bir nəfər həlak olub. Zaporojyedə insanların olduğu vaxt tibb müəssisəsi bombalanıb. Sumı və Nikolayev vilayətlərində də yaralananlar var”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Avropalı və amerikalı həmkarlarını dəstəyə çağırıb. Onun sözlərinə görə, qışın yaxınlaşması ilə Rusiya eskalasiyanı daha da artıracaq.

“Diplomatiyanın işləməsi üçün ABŞ-ın sanksiyaları tətbiq olunmalı və Avropanın sanksiyaları gücləndirilməlidir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Volodimir Zelenskinin sözlərinə görə, sülhün açarı tərəfdaşların əlindədir.

Oxşar