Volodimir Zelenski: Kiyev vilayətində ölənlərin sayı 17 nəfərə çatıb. Tərəfdaşların başa düşməsi vacibdir ki, antiballistik sistemlərin tədarükünün gecikdirilməsi insan tələfatına və dağıntılara səbəb olur

13:18, 05.08.2026

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaydığı məlumata görə, Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Kiyev vilayətində həlak olanların sayı 17 nəfərə çatıb, 44 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, Rusiya hücum zamanı 24 ballistik raket və 115 pilotsuz uçuş aparatı istifadə edib.
Zelenski bildirib ki, hücumun əsas hədəfləri mülki şirkətlərə məxsus anbarlar olub. Həmçinin infrastruktur obyektlərinə və dəmiryol stansiyasına zərbələr endirilib.
“Bu obyektlərin müharibə ilə heç bir əlaqəsi yox idi – bunlar pivə istehsalı şirkəti, tikinti materialları anbarları və mülki logistika obyektləri idi. Ballistik raketlərin qarşısını alan sistemlər bu gün həlak olan insanların həyatını xilas edə bilərdi.
Tərəfdaşlarımızın başa düşməsi çox vacibdir: belə sistemlərin tədarükünün gecikdirilməsi və ya ballistik raketlərə qarşı müdafiə vasitələrinin verilməsindən imtina birbaşa olaraq bu cür dəhşətli itkilərə və dağıntılara səbəb olur.
Hələ də müdafiə sistemlərinin tədarükünə daha fəal qoşulmağa hazır olmayan tərəfdaşlar yeni sanksiyalar tətbiq etməklə kömək edə bilərlər.
Rusiyanın ballistik raket istehsalının mühüm hissəsi hələ də sanksiyalara məruz qalmayıb. Bu gün də “Böyük Yeddilik”, Avropa İttifaqı və dəstəyini ifadə edən bütün ölkələr tərəfindən yeni addımların atılması zəruridir. Bu yolla bizə kömək etməyə hazır olan hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.

Oxşar