Volodimir Zelenski - Heç kim bütün dünyanı əbədi olaraq aldada bilməz, hətta Putin belə, heç kim hamıya qarşı çıxa bilməz
Heç kim bütün dünyanı əbədi olaraq aldada bilməz, hətta Putin belə – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya Parlamentində çıxışı zamanı deyib.
Zelenski İrlandiyaya ukraynalı qaçqınlara sığınacaq və qoruma təmin etdiyinə, eləcə də Ukraynaya sarsılmaz dəstəyə görə təşəkkür edib.
“İrlandiya müstəqilliyimizi və bu müharibənin ədalətli şəkildə bitməsini aydın şəkildə dəstəkləyib. Ukraynada bütün dostlarımızı sülh içində salamlayacağımız günün gələcəyinə inamımızı itirmədiyimiz kimi, inamınızı itirmədiyiniz üçün təşəkkür edirik. Əsl millətlər birliyi olduqda, heç kim bizi məğlub edə bilməz. Heç kim dünyanı təkbaşına məhv edə bilməz, nə Rusiya, nə də bir neçə dostu ilə. Heç kim bütün dünyanı əbədi olaraq aldada bilməz, hətta Putin belə. Heç kim hamıya qarşı çıxa bilməz” – o, bildirib.
Bununla yanaşı, Zelenski bildirib ki, ukraynalıları qətlə yetirən rusların başqa ölkələrə daxil olması qadağan edilməlidir. O, Rusiyanın Ukraynaya öz mülkü kimi davranmaq istədiyini deyib.
“İnsan yaddaşı çox vaxt qısa olur və diqqət müvəqqəti ola bilər. Buna görə də, xahiş edirəm hər dəfə dünyaya xatırladın ki, Rusiyanın Ukraynaya hücumu ədalət tələb edən cinayətkar və səbəbsiz təcavüz aktıdır. Rusiya Ukraynaya öz mülkü kimi davranmaq istəyir. Ukraynalılara isə sanki öz həyətindəki mal-qara kimi. Rus qatillər sanki heç bir səhv etməmiş kimi dünyada sərbəst səyahət edə bilməməlidirlər. Təcavüzkar cavab verməlidir” – Zelenski bildirib.