Volodimir Zelenski – gecə ərzində yalnız bir ballistik raketi məhv edə bildik, artıq “Patriot” raketlərimiz yoxdur. Tərəfdaşların bu vasitələrə burada və indi ehtiyacımız olduğunu anlaması vacibdir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gecə saatlarında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı səbəbindən Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın buraxdığı 27 ballistik raketdən yalnız birini məhv edə bilib.
Zelenski tərəfdaşları Ukraynaya ballistik raketlərə qarşı müdafiə vasitələrini təcili şəkildə təqdim etməyə çağırıb.
Öz növbəsində, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya ötən gecə Kiyevdə “əsl cəhənnəm” yaradıb və Ukraynanın hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məlumat üçün bildirək ki, iyulun 28-də Ağ Evdə keçirilən qapalı danışıqlar zamanı Zelenski ABŞ-dan Ukraynaya Rusiya ərazisində ballistik raket buraxılış qurğularını məhv etmək üçün “Starlink” sistemindən istifadə etməyə icazə verilməsini istəyib.
İyulun əvvəlində NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp Zelenskiyə bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya “Patriot” raketlərinin istehsalına icazə verəcək. Dünən isə Tramp qeyd edib ki, Vaşinqtonun Kiyevə “Patriot” tipli raketlərin istehsalı üçün lisenziya verib-verməyəcəyinə əmin deyil.
Zelenskinin sosial şəbəkələrdə yazdığına görə, ötən gecə Rusiya Ukrayna istiqamətində 35 raket buraxıb, onlardan 27-si ballistik raket olub. Bundan əlavə, müxtəlif tipli 185 zərbə dronundan istifadə edilib.
“Əsas hədəf Kiyev olub, lakin zərbələr Dnepropetrovsk, Sumı, Xarkov və Poltava vilayətlərinə də endirilib. Bu gecə yalnız bir ballistik raketi məhv edə bildik, çünki “Patriot”lar üçün raketlərimiz artıq yoxdur”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, məhz belə çatışmazlıq Rusiyanı insanların həyatını təhlükə altına qoyan zərbələr endirməyə həvəsləndirir.
“Tərəfdaşların anlaması çox vacibdir ki, bu vasitələr haradasa anbarlarda, mümkün ssenarilər üçün saxlanmaq üçün lazım deyil. Onlara burada və indi ehtiyacımız var ki, Ukraynada Rusiyanın müharibəsini cilovlaya və dayandıra bilək. Hər bir raket əleyhinə müdafiə sistemi paketi vətəndaşlarımızın həyatını xilas edir. Bu sistemlərin olmadığı hər gecə isə yeni itkilərə səbəb olur”, – deyə Ukrayna Prezidenti qeyd edib.