Volodimir Zelenski – Finlandiya Prezidenti və Norveçin Baş naziri telefon danışığı zamanı Vladimer Putinə deeskalasiya istiqamətində real addımların atılmasının vacibliyini deyiblər
Finlandiya Prezidenti Aleksandr Stub və Norveçin Baş naziri İonas Qar Stiore Rusiya Prezidenti Vladimer Putinlə telefon danışığı zamanı Ukraynanın energetika obyektlərinə və infrastrukturuna qarşı yönəlmiş əməliyyatların deeskalasiyası üçün real addımların atılmasının vacibliyini deyiblər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.
O, Finlandiya və Norveç liderlərinin Putinlə apardığı telefon danışığından sonra hər iki ölkənin rəhbəri ilə özünün də söhbət etdiyini bildirib.
Zelenski Stub və Stioreyə təqdim etdikləri ətraflı məlumata görə təşəkkürünü bildirib.
“Onlar Rusiyanın rəhbərinə qətiyyətlə deyiblər ki, deeskalasiya istiqamətində, xüsusən də Ukraynanın energetika obyektləri və infrastrukturu ilə əlaqədar real addımların atılması vacibdir. Noyabrda işçi qrupları səviyyəsində – Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli görüşə hazırlığı müzakirə etdik. Finlandiya və Norveç Rusiya ilə həmsərhəd ölkələr kimi təhlükəsizlik sahəsində doğru və etibarlı qərarların qəbul edilməsində xüsusi maraq güdürlər. Həmçinin avropalı tərəfdaşlarımızla diplomatiyanın növbəti dəstəklənməsi, müdafiəmizin və ümumi təhlükəsizliyimizin təmin edilməsi üçün faydalı ola biləcək müxtəlif əməkdaşlıq formatlarını da müzakirə etdik. Sülh bərqərar olunmalıdır, deeskalasiya zəruridir və Rusiyanın müharibəni uzatmasına son qoyulmalıdır. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm” – Zelenski yazır.