Volodimir Zelenski – Emmanuel Makronla söhbət zamanı ən son Fransa avadanlıqlarının və raketlərinin tədarükünün sürətləndirilməsi barədə razılığa gəldik
Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, Fransa Prezidenti Emmanuel Makronla təxminən iki saatlıq söhbət aparıb və bu zaman ən son Fransa avadanlıqlarının və raketlərinin tədarükünün sürətləndirilməsi müzakirə olunub.
O, bildirib ki, bütün vacib məsələlərə, ilk növbədə isə hava hücumundan müdafiə ehtiyaclarına toxunan “çox yaxşı” söhbətləri olub.
“Fransa Prezidentinin “Patriot”lar üçün ehtiyac duyulan raketlərə sahib olan digər tərəfdaşlarla əlaqə yaratmaqda bizə kömək etməyə hazır olmasını yüksək qiymətləndiririk. Həmçinin Fransanın hava hücumundan müdafiə sahəsindəki imkanları barədə danışdıq. Emmanuellə zərbələr nəticəsində yaranmış vəziyyət barədə məlumat paylaşdım. Həlak olanlarla bağlı ifadə edilən başsağlığına görə minnətdaram. Ən son Fransa avadanlıqlarının və raketlərinin tədarükünün sürətləndirilməsi barədə razılığa gəldik” – Volodimir Zelenski bildirib.
Ukrayna Prezidenti raketlərin istehsalı üçün lisenziyaların verilməsinə hazır olduğuna görə də Makrona təşəkkürünü bildirib.
Bundan başqa, prezidentlər tərəfdaşlarla cari diplomatik işin gedişatını və ABŞ Prezidentinin komandası ilə əməkdaşlığı müzakirə ediblər. Onlar “əlavə diplomatik imkanlar aça biləcək” konret addımlar üzərində razılaşıblar.
“Həmçinin cari və növbəti il üçün müdafiənin maliyyələşdirilməsinə lazım olan vəsaitləri müzakirə etdik. İkitərəfli münasibətlərimizdə icrası sürətləndirilməli olan müdafiə sahəsindəki mövcud razılaşmaları müəyyənləşdirdik” – Zelenski sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, avqustun 24-də Emmanuel Makron “İstəklilər Koalisiyası”nın görüşünə həmsədr statusunda rəhbərlik edəcək. Görüş hibrid formatda keçiriləcək. İştirakçıların bir hissəsi, o cümlədən Avropa Şurasının prezidenti Antoniu Koşta Kiyevdə şəxsən təmsil olunacaq.