Volodimir Zelenski – Donald Tramp administrasiyası Ukraynanı kəşfiyyat məlumatlarının bölüşdürülməsini dayandırmaqla təhdid etdi

13:35, 14.10.2026

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna qüvvələri Rusiyanın ərazisində yerləşən neft emalı zavodlarına uzaqmənzilli dronlarla zərbələr endirməyi dayandırmayacağı təqdirdə, Ukraynanı kəşfiyyat məlumatlarının bölüşdürülməsini dayandırmaqla təhdid etdi – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NPR”ə müsahibəsində açıqlayıb.

Zelenski rus dizelinin ixracına tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinin ABŞ-da yanacaq qiymətlərini azalda bilməyəcəyini bildirib.

Ukrayna Prezidenti, həmçinin Trampın dizelin bahalaşmasına görə Ukraynanın məsuliyyət daşıdığı barədə bəyanatını təkzib edib. Ukrayna Prezidenti enerji daşıyıcılarının qiymət artımının İranda gedən müharibə və Hörmüz boğazının blokadası ilə bağlı olduğunu deyib.

“Dünyada insanların əksəriyyəti istənilən növ enerjinin, o cümlədən dizelin qiymətinin nə üçün artdığını bilir. Bu, Hörmüz boğazına görə baş verib, bəli, Hörmüz boğazının blokadasına görə” – Zelenski açıqlayıb.

Zelenskinin bəyanatına əsasən, Ukrayna müharibənin başa çatmasını istəyir, lakin Moskva Ukraynanın energetika infrastrukturuna hücumları dayandırmayınca, Rusiyanın energetika obyektlərinə zərbə endirməyi dayandırmayacaq.

“Putin diplomatiyaya cavab vermir. O, güc dilini anlayır” – Zelenski açıqlayıb.

Onun sözlərinə əsasən, rus dizelinin ixracına tətbiq edilən sanksiyaların müvəqqəti yüngülləşdirilməsi ABŞ-da yanacaq qiymətlərinə təsir edə bilməyəcək, çünki bunun üçün tədarük həcmi kifayət qədər deyil.

“Əminəm ki, bu, Birləşmiş Ştatlarda qiymətlərə təsir göstərməyəcək, çünki həcm kifayət qədər deyil” – Ukrayna Prezidenti açıqlayıb.

O, sanksiyaların yüngülləşdirilməsi nəticəsində əldə olunan əlavə gəliri Kremlin müharibənin maliyyələşdirilməsinə sərf edəcəyini bildirib.

Volodimir Zelenskinin bəyanatından əvvəl sözügedən məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp şərh verib. Onun bəyanatına əsasən, ABŞ hələ də Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşür, “müharibənin başa çatması üçün onlar və Rusiya ilə işləyir”.

Oxşar