Volodimir Zelenski - Bu gün Rusiya ilə müharibəni bərabər şərtlərlə, istənilən diplomatik formatda bitirməyə imkan verən təhlükəsizlik zəmanətlərimiz var
Dərin zərbələr Ukraynaya Rusiya ilə bərabər şərtlərlə danışıqlar aparmaq imkanı verir – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Zelenskinin qeyd etdiyi kimi, Ukrayna üçün bu növ zərbələrin miqyasını artırmaq yalnız zaman məsələsidir.
“Tanrıya şükür, Silahlı Qüvvələrimizin sayəsində bu gün gücümüz döyüş meydanında hiss olunur. Biz dərin zərbələrin endirilməsində mühüm irəliləyiş əldə etmişik. Bu gün biz 1 100 kilometr məsafədəki hədəfi vurduq və bu, təcrid olunmuş hadisə deyil – bu, konkret hədəf və konkret nəticədir. Tanrıya şükür, bu gün Rusiya ilə bu müharibəni bərabər şərtlərlə, istənilən diplomatik formatda bitirməyə imkan verən təhlükəsizlik zəmanətlərimiz var. Onlar bilməlidirlər ki, bizə qarşı dron və raketlərdən istifadə etsələr, biz də eyni şeyi edəcəyik. Və bizim cavabımızın miqyasını artırmağımız yalnız zaman məsələsidir” – Zelenski bildirib.
Bununla yanaşı, Zelenski hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamaq üçün avropalı tərəfdaşlarla əməkdaşlıq etdiyini qeyd edib.
“Hamımızın buna ehtiyacı var. Artıq bir neçə ölkə ilə – Fransa, Norveç, Almaniya, İsveç, Danimarka, İtaliya və digər tərəfdaşlarla Avropanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əməkdaşlıq edirik” – Zelenski bildirib.