Volodimir Zelenski: Bu ay Almaniyadan yeni hava hücumundan müdafiə paketimiz olacaq, təşəkkürlər, Almaniya

18:54, 02.09.2026

Almaniya Ukraynanın hava hücumundan müdafiəsi üçün yeni yardım paketi ayırıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.
“Fridrixə Almaniyanın Ukraynanın müdafiəsində və ukraynalıların həyatının qorunmasında göstərdiyi sarsılmaz dəstəyə və liderliyə görə təşəkkür etdim. Bu ay Almaniyadan yeni hava hücumundan müdafiə paketlərimiz olacaq. Təşəkkürlər, Almaniya. Təşəkkürlər, Fridrix”, – Ukrayna Prezidentinin açıqlamasında deyilir.
Volodimir Zelenskinin sözlərinə görə, o, Fridrix Merzlə söhbəti zamanı Leypsiq hava limanına Rusiyanın hücumunu da müzakirə edib. Ukrayna Prezidenti Almaniyaya yardım təklif edib və Almaniyanın cavabının vacib olduğunu bildirib.
“Mən və Fridrix Merz Leypsiq hava limanına Rusiyanın hücumunu müzakirə etdik. Bu, Rusiya tərəfindən növbəti eskalasiyadır və Almaniyanın buna cavab verməsi vacibdir. Mən öz növbəmdə bildirdim ki, Ukrayna kömək etməyə hazırdır – ekspertiza, təcrübə və ya Almaniyanın ehtiyac duya biləcəyi digər sahələrdə”, – Volodimir Zelenski bildirib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Leypsiq hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu daşıyan dron aşkarlanıb. Almaniya hadisədə Rusiyanı günahlandırıb.

Oxşar