Volodimir Zelenski - Britaniya hökuməti tərəfindən Rusiya neftinə qarşı sanksiyaların yumşaldılması ilə bağlı Kiyev öz mövqeyini artıq Londona çatdırıb
Britaniya hökuməti tərəfindən Rusiya neftinə qarşı sanksiyaların yumşaldılması ilə bağlı Kiyev öz mövqeyini artıq Londona çatdırıb – bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində danışıb.
Zelenskinin sözlərinə əsasən, Ukrayna tərəfi sanksiyalar məsələsində Böyük Britaniya ilə fəal şəkildə ünsiyyət qurur.
“Bu, çox həssas məsələdir və bununla bağlı həm mediada, həm də siyasi dairələrdə bir çox müzakirələr aparılıb. Biz Londona öz siqnallarımızı ötürmüşük və gözləyirik ki, bu həftə bu məsələ ikitərəfli səviyyədə ətraflı şəkildə müzakirə olunacaq. Sanksiyalar – həm bizim, həm də tərəfdaşlarımızın iqtisadi və siyasi məhdudiyyətləri, Rusiyada bu müharibəni bitirmək istəyinin yaranması üçün Rusiya üzərində ən effektiv təzyiq mexanizmidir” – Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna Prezidenti qeyd edib ki, o, Avropa ölkələrinin mümkün iştirakı da daxil olmaqla, yaxın həftələrdə ABŞ və Rusiya ilə danışıqları bərpa etməyə ümid edir.
Zelenskinin sözlərinə əsasən, Ukrayna nümayəndə heyətinin Amerika tərəfi ilə həm təhlükəsizlik sahəsində əməkdaşlıq, həm də Rusiya ilə bağlı diplomatik məsələlər istiqamətində “yaxşı təmasları” olub.
“Əgər yaxın həftələrdə məzmunlu üçtərəfli kommunikasiyanın bərpası mümkün olarsa və avropalıların da prosesə cəlb edilməsinə nail olunarsa, bu, doğru nəticə olacaq” – Ukrayna Prezidenti qeyd edib.
Onun sözlərinə əsasən, Ukrayna müvafiq addımlara hazırdır və ümid edir ki, tərəfdaşlar da hazır olacaqlar, Rusiya isə danışıqlardan yayınmayacaq.