Volodimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında Ukrayna istiqamətində 70-dən çox raket və 280-dən çox dron buraxıb. “Partnyorlarımızdan hava hücumundan müdafiə raketləri kritik dərəcədə çatışmır”, – deyə Ukrayna Prezidenti qeyd edib

14:31, 30.07.2026

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, gecə saatlarında Rusiya Ukrayna istiqamətində 70-dən çox raket və 280-dən artıq dron buraxıb. Lakin hava hücumundan müdafiə raketlərinin çatışmazlığı səbəbindən onların hamısını zərərsizləşdirmək mümkün olmayıb.

Hücum nəticəsində paytaxt Kiyev və Kiyev vilayəti, həmçinin Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkassı və İvano-Frankovsk vilayətləri hədəfə alınıb.

“Partnyorlarımızdan alınan hava hücumundan müdafiə raketlərinin kritik dərəcədə çatışmadığı bir şəraitdə hərbçilərimiz inanılmaz işlər görür və yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu, insan həyatını xilas edən misilsiz peşəkarlıqdır. Xüsusilə də hava hücumundan müdafiə raketlərinin tədarükü gecikəndə və ya ümumiyyətlə həyata keçirilməyəndə”, – deyə Zelenski bildirib və tərəfdaş ölkələri Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükü ilə bağlı yardım göstərməyə yenidən çağırıb.

Zelenskinin məlumatına görə, yalnız Dnepropetrovsk vilayətində “İsgəndər” tipli raketlə həyata keçirilən hücum nəticəsində çoxuşaqlı ailədən üç uşaq və onların valideynləri həlak olub. Hücumdan iki azyaşlı sağ çıxıb və dağıntılar altından çıxarılıb.

Ümumilikdə isə ötən gecə baş verən hücumlar nəticəsində səkkiz nəfər ölüb, onlarla insan yaralanıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 29-da Rusiyadan genişmiqyaslı hücum gözlənildiyini açıqlamışdı.

Oxşar