Volodimir Zelenski Belarus müəssisələrinə və Aleksandr Lukaşenkoya yaxın şəxslərə qarşı sanksiyaların tətbiqi barədə qərarı imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərmanı imzalayıb. Sənədə əsasən, Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə kömək edən Belarus müəssisələrinə sanksiyalar tətbiq ediləcək.
Sanksiyalar, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya yaxın şəxslərə də şamil olunacaq.
“Bu, müharibənin miqyasını və intensivliyini azaltmaq üçün təzyiqin harada göstərilməli olduğuna dair bir çox tərəfdaşımız üçün siqnaldır. Belarus bu müharibəyə qoşulmamalıdır. Digər Avropa ölkələrinə qarşı əməliyyatlar aparılmamalıdır və Rusiyanın Ukraynaya qarşı bu müharibəsi ləyaqətli sülhlə başa çatmalıdır”, – deyə Volodimir Zelenski bildirib.
Sanksiyalar paketi Belarusun 16 vətəndaşını və 11 hüquqi şəxsini əhatə edir. Ukrayna Rusiyanın qüvvələri üçün 122 mm və 152 mm-lik artilleriya mərmiləri istehsal edən Belarus müəssisələrinə sanksiya tətbiq edib.
Sanksiyaya məruz qalanlar arasında Belarus Prezidentinin oğulları Viktor və Dmitri Lukaşenkolar da var. Onların beynəlxalq sanksiyalardan yayınaraq məhsulların ixracında, ikili təyinatlı malların tədarükündə və Belarus üzərindən reeksportda iştirak etdikləri bildirilir.
Siyahıda Aleksandr Lukaşenkonun etibarlı şəxsi sayılan Viktor Şeyman da yer alır. O, uzun illər ölkədə yüksək dövlət vəzifələrində çalışıb və onun adı müxalif siyasətçiləri, fəalları və ictimai xadimləri hədəf alan qondarma “ölüm dəstələri”nin təşkili ilə əlaqələndirilir. Həmçinin o, Rusiya və Belarus şirkətlərinə qarşı tətbiq olunan sanksiyalardan yayınma sxemlərinin təşkilatçılarından biri hesab olunur.
Viktor Şeyman artıq ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və Kanada tərəfindən sanksiyaya məruz qalıb.