Volodimir Zelenski Avropa İttifaqını dondurulmuş rus aktivlərinin istifadəsi ilə bağlı qərar qəbulunu sürətləndirməyə çağırır
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını dondurulmuş rus aktivlərinin istifadəsi ilə bağlı qərar qəbulunu sürətləndirməyə çağırır. Volodimir Zelenski sosial şəbəkədə yayılmış paylaşımında Rusiyanın dünən gecə Ukrayna istiqamətində 135 pilotsuz uçuş aparatı buraxdığını qeyd edib.
O, əsas hədəflərin enerji obyektləri olduğunu bildirib.
“Rusların enerji və mülki sektorları hədəfə almağa davam etməsi faktı bir daha göstərir ki, təzyiq hazırda kifayət deyil. Amerika, Avropa və Böyük Yeddiliyin sanksiyaları davam etdirməsi vacibdir” – Zelenski yazır.
Ukrayna Prezidenti bildirib ki, Moskva nəhayət Avropanın müdafiəyə nə qədər ciddi yanaşdığını başa düşməlidir.
“Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verməyin vaxtı gəlib çatıb. Siyasi iradə artıq mövcuddur və texniki həllin sürətlə həyata keçiriləcəyini gözləyirik” – Volodimir Zelenski qeyd edir.