Avropa İttifaqı Kiyevin maliyyə dəstəyinin mənbələrini tapa bilməzsə, Ukrayna davam gətirə bilməyə bilər; bu halda Avropa pulu ilə deyil, öz qanı ilə ödəməli olacaq. Ukraynanın “Unian” nəşrinin məlumatına görə, bunu Brüsseldə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Medianın məlumatına əsasən, Zelenski Polşanın baş naziri Donald Tuskun bəyanatına münasibət bildirib. Tusk qeyd edib ki, Avropa İttifaqı iki seçim qarşısındadır – ya bu gün maliyyələşdirmə, ya da sabah qan tökülməsi.
Zelenskinin sözlərinə görə, Donald Tusk Ukraynanın maliyyələşdirilməsinin zəruriliyindən danışarkən haqlıdır.
“Düşünürəm ki, baş nazir, ilk növbədə, Avropanın təhlükəsizliyindən danışır və o, haqlıdır. Əgər bu gün Ukraynaya dəstək verilməsə, əgər onu tərk etsələr – biz onsuz da özümüz döyüşürük, öz hərbçilərimiz döyüşür və onlara böyük hörmətimiz var. Əlbəttə, Avropa bu gün bizə silah və maliyyə baxımından dəstək verir. Baş nazir belə düşünür ki, əgər Ukraynaya dəstək verilməsə, Ukraynanın davam gətirməməsi ehtimalı böyükdür və o zaman Avropa artıq pulu ilə deyil, qanı ilə ödəyəcək”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqının sammitində Ukraynaya maliyyə dəstəyi müzakirə olunur.