Volodimir Zelenski – Amerikalılar soruşdular ki, əgər Ukrayna NATO-ya daxil olarsa, Donbasdan çıxacaqmı? Mən dəfələrlə demişəm, Ukrayna geri çəkilmir və öz torpaqlarını terroristlərə güzəştə getməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski, danışıqlar zamanı Amerika tərəfinin Ukraynadan NATO-ya üzvlük müqabilində Donbasın bir hissəsindən qoşunlarını çıxarmağa hazır olub-olmadığını soruşduğunu bildirib.
“Dəfələrlə demişəm: Ukrayna geri çəkilmir və öz torpaqlarını terroristlərə güzəştə getməyəcək. Amerikalılar soruşdular: “Əgər Ukrayna NATO-ya daxil olarsa, Donbasdan çıxacaqmı?” Bu, ilk dəfə idi. Tərəfdaşlarla birlikdə danışıqlar zamanı bizə təklif oluna biləcək kompleks təhlükəsizlik paketi üzərində işləyirik: NATO və Avropa İttifaqının konkret təhlükəsizlik zəmanətləri, güclü Ukrayna ordusu, yəni müvafiq sayda hərbçi, silah-sursat və müəyyən müddət üçün maliyyə yardımı, həmçinin bərpa planı” – Zelenski jurnalistlərə açıqlayıb.
Onun sözlərinə əsasən, əgər Amerika tərəfi bunu NATO-nun digər üzvləri ilə birlikdə təsdiqləyərsə, o zaman cəmiyyətdən bu təklifi qəbul edib-etməməyi soruşacaq.