Volodimir Zelenski: 2022-ci ilin fevralından, yəni müharibə başlayandan bəri ümumilikdə 55 min ukraynalı hərbçi həlak olub
Volodimir Zelenski: 2022-ci ilin fevralından, yəni müharibə başlayandan bəri ümumilikdə 55 min ukraynalı hərbçi həlak olub

2022-ci ilin fevralından, yəni müharibə başlayandan bəri ümumilikdə 55 min ukraynalı hərbçi həlak olub. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa mediasına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin sayı da xeyli çoxdur.

“Əgər cəbhə xətti dondurularsa və biz mövcud mövqelərimizi qoruya bilsək, bu artıq bizim tərəfimizdən böyük güzəşt olacaq. Bu müharibədə uduzsaq, ölkəmizin müstəqilliyini itirəcəyik”, – deyə Volodimir Zelenski vurğulayıb.

Eyni zamanda Zelenski bildirib ki, əgər Ukrayna Vladimir Putini dayandıra bilməsə, o, Avropaya daxil olacaq. Lakin onun sözlərinə görə, “avropalılar bunun onların ölkəsində baş verə biləcəyinə inanmırlar”.

“Onların raketlərinin uçuş məsafəsi məhdud deyil. Zərbəni istənilən yerdə endirə bilərlər”, – deyə Zelenski qeyd edib.

Fransanın göstərdiyi yardım barədə suala cavab verən Ukrayna Prezidenti bildirib ki, “Fransanın dəstəyi nə qədər güclü olarsa”, bu müharibənin Fransaya çatma ehtimalı da bir o qədər azalır.