Gürcüstanın Milli Turizm Administrasiyası beynəlxalq media holdinqi Conde Nast ilə birlikdə yeni marketinq kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində dünyaca məşhur nəşrlər – Vogue və GQ Gürcüstan haqqında onlayn platformalarda məqalələr hazırlayırlar.
Vogue və GQ-nun Fransız versiyaları əsasən Fransa bazarını əhatə etsə də, sosial media vasitəsilə Gürcüstanın turizm potensialı Fransa ilə yanaşı Böyük Britaniya və Almaniyada da tanıdılacaq.
Kampaniya çərçivəsində ilk məqalə Vogue-un onlayn səhifəsində və sosial şəbəkələrində yayımlandı – “Gürcüstanı və bu ölkənin xəzinələrini bir həftədə kəşf etmək üçün ən yaxşı bələdçi”. Məqalədə Gürcüstanın təbiəti, kulinariyası, şərabı və turizm məkanları təsvir olunur.
“Göz qamaşdıran mənzərələri ilə Gürcüstan həqiqətən də fəxr edə bilər. Gürcüstanın dərələri əsrlik üzüm bağları və monastırlarla örtülüdür. Qarlı zirvələr arasında qıvrılan yollar sanki buludların üzərində asılıb. Bu, gözəl təbiəti və sənəti sevənlər üçün kifayət qədər heyranedicidir və onların diqqətini unikal qastronomiya və şərab mədəniyyəti də çəkir. Bu, zəngin mətbəxi və şərabları ilə tanınan ölkədir – 8000 illik tarixi ilə şərabın beşiyi hesab olunur. Burada siz unudulmaz xinkali, mtsvadi və ya qril kababı, eləcə də lobiani dada biləcəksiniz,” – yazır Vogue-un jurnalisti və oxuculara Kaxeti, Tbilisi və Batumini təqdim edir.
Məlumatı Gürcüstanın Milli Turizm Agentliyinin mətbuat xidməti yayıb.