Vladimir Zelenski – Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli görüş payızda, ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və ya İsveçrədə keçirilə bilər
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı bir neçə təklif alıb.
Vladimir Zelenskinin sözlərinə görə, görüş Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və ya İsveçrədə keçirilə bilər.
“Bizim təcrübəmiz var, həmçinin müxtəlif ölkələrdən dəvətlər almışıq”, – deyə Zelenski bildirib.
Bundan əvvəl Zelenski “Axios” nəşrinə müsahibəsində yeni üçtərəfli görüşün qış gələnədək, sentyabr və ya oktyabr aylarında keçirilməsini istisna etmədiyini deyib.
Rusiya və ABŞ tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
Qeyd edək ki, bu formatda danışıqlar 2026-cı ilin qışında Əbu-Dabi və Cenevrədə keçirilib, lakin konkret nəticə əldə olunmayıb.
Zelenski həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Kiyevə “bir neçə yaxşı və layiqli təklif” gətiriblər. Lakin bunun nəticə verib-verməyəcəyi hələlik məlum deyil.
Bununla yanaşı, Zelenski sentyabrın sonunda Tramp ilə görüşməyi və Ukraynanın raketdən müdafiəsi məsələsini müzakirə etməyi planlaşdırdığını bildirib.
“Bizə amerikalılardan ballistik raket paketləri lazımdır. Onlar nəyə və nə vaxt ehtiyacımız olduğunu ətraflı şəkildə dinləyiblər. Sentyabrda Prezident Trampla görüşməyi, bu məsələni gündəmə gətirməyi gözləyirəm və Allah qoysa, nəticə də olacaq”, – deyə Zelenski jurnalistlərlə söhbətində bildirib.
Ağ Ev hələlik iki prezidentin yeni görüşünü elan etməyib.