Vladimir Zelenski sanksiyaya məruz qalan şəxslərin əmlak və aktivlərinin müsadirəsini asanlaşdıran qanunu imzalayıb
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya müdaxiləsi tərəfdarlarına məxsus əmlakın müsadirə edilməsinə icazə verən qanunu imzalayıb.
Bu barədə məlumatı Ukrayna Prezidentinin Administrasiyası yayıb.
Xüsusilə, prezidentin imzaladığı yeni qanun Ukraynada Rusiya müharibəsini dəstəkləyən şəxslərin əmlakının və aktivlərinin müsadirəsinə icazə verir.
Ali Rada qanun layihəsini mayın 12-də təsdiqləyib.
“İşğalçıların Ukraynaya qarşı təcavüzünü bu və ya digər şəkildə dəstəkləyən sanksiyaya məruz qalan şəxslərin aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi proseduru bizə imkan verəcək ki, Ukrayna büdcəsini düşmənlər hesabına tez və səmərəli şəkildə dolduraq. Qanun bu prosesə cavabdeh olan orqanlar üçün aydın təlimatlar verir”, – Zelenski bildirib.
Qanuna əsasən, bloklanmaya məruz qalan fiziki və hüquqi şəxslərin aktivləri Ədliyyə Nazirliyi tərəfindən araşdırılacaq. Sənədə əsasən, belə işlərə Ali Antikorrupsiya Məhkəməsi baxır.