Vladimir Putin – Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın vəzifələrini yerinə yetirməyə davam edir və bütün cəbhə boyunca inamla irəliləyir
Rusiya Federasiyasının Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməyə davam edir və bütün cəbhə xətti boyunca inamla irəliləyir – bunu Rusiya Prezidenti Vladimir Putin cəbhədəki vəziyyətə dair keçirilən müşavirədə bildirib.
Müşavirədə Putin Baş Qərargah rəisi Valeri Gerasimovun və müxtəlif hərbi qrupların komandirlərinin hesabatlarını dinlədi.
“Rusiya Federasiyasının Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatın vəzifələrini yerinə yetirməyə davam edir və bütün cəbhə xətti boyunca inamla irəliləyir. Ukraynanın sərhəd rayonlarında təhlükəsizlik xəttinin yaradılması da planlı şəkildə aparılır,” – deyə Putin bildirib.
Gerasimovun hesabatını dinlədikdən sonra Putin qeyd etdi ki, cəbhənin bütün istiqamətlərində “yaxşı dinamika” müşahidə olunur. Onun sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “ərazilərin azad edilməsi” mərhələli şəkildə, Rusiyanın planlarına uyğun aparılır və strateji təşəbbüs tamamilə Rusiya Silahlı Qüvvələrinin əlindədir.
Bununla yanaşı, müşavirə zamanı hərbi komandirlər Vladimir Putinə Donetsk vilayətinin Seversk şəhərinin ələ keçirilməsi barədə məlumat veriblər.