Vladimir Putin – Qərb ölkələri Rusiya kommersiya gəmilərini saxlayacağı təqdirdə, Moskva buna cavab tədbirləri görəcək
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Qərb ölkələri Rusiya kommersiya gəmilərini saxlayacağı təqdirdə, Moskva buna cavab tədbirləri görəcək. Onun sözlərinə görə, NATO Rusiyaya qarşı regionda təhlükə yaratmaq məqsədilə güclənir və bununla da münaqişə potensialı artır.
Putin bu barədə Rusiyanın Sakit Okean Donanmasının yekun mərhələyə keçən təlimləri zamanı danışıb.
“Biz təəssüf ki, burada münaqişə potensialının artdığını görürük. NATO regiona daxil olmağa başlayır, yeni hərbi-siyasi bloklar yaradılır, Rusiya üçün təhlükə yaradan yeni silah sistemləri yerləşdirilir və onların yerləşdirilməsi planlaşdırılır”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiya gəmilərini və əmlakını müsadirə etməyə çalışır və Putin bunu “piratlıq” adlandırıb. O bildirib ki, Moskva bu cür hərəkətlərə “layiqli cavab” verəcək.
“Biz görürük ki, bəzi ölkələrin hakimiyyətləri beynəlxalq dəniz hüququnu pozaraq, iqtisadi operatorlarımızın və mülki gəmilərimizin hərəkətini məhdudlaşdırmağa çalışırlar. Hətta gəmilərimizin müsadirə olunması və müsadirə edilmiş əmlakın satılması məsələsini müzakirə etməyə qədər gediblər. Bu, əlbəttə ki, başqa bir şey deyil, yalnız piratlıq və talançılıqdır. Əgər belə hərəkətlər praktikada həyata keçirilərsə, biz güzgüvari cavab verməyə məcbur olacağıq. Bu cavab mütləq gəmilərə hücumların planlaşdırıldığı sularda olmayacaq. Belə reaksiyanın harada və nə vaxt zəruri və məqsədəuyğun olacağını özümüz müəyyən edəcəyik”, – deyə Vladimir Putin bildirib.