Vladimir Medinski - Ukrayna tərəfi ilə birbaşa danışıqların vəzifəsi tez və ya gec münaqişənin əsas səbəblərini aradan qaldırmaqla uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır
Vladimir Medinski - Ukrayna tərəfi ilə birbaşa danışıqların vəzifəsi tez və ya gec münaqişənin əsas səbəblərini aradan qaldırmaqla uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır

 

Ukrayna tərəfi ilə birbaşa danışıqların vəzifəsi tez və ya gec münaqişənin ilkin əsas səbəblərini aradan qaldırmaqla uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır – bu barədə İstanbulda Ukrayna ilə planlaşdırılan danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Ankarada prezident Zelenskinin İstanbulda rus tərəfi ilə danışıqlara müdafiə naziri rəhbərliyində nümayəndə heyəti göndərəcəyini açıqlamasından sonra Medinski İstanbulda, Rusiyanın baş konsulluğunda mətbuata şərh verib.

Vladimir Medinski qeyd edib ki, dünən axşam Rusiya Prezidenti İstanbul danışıqları üçün Rusiyanın nümayəndə heyətinin hazırlanması məqsədilə hökumət üzvləri, təhlükəsizlik, kəşfiyyat rəhbərləri, Baş Qərargah rəisi və dırnaqarası xüsusi hərbi əməliyyatda iştirak edən hərbi qrupların komandirlərinin qatıldığı toplantı keçirib. Onun sözlərinə əsasən, toplantıda xarici siyasətin gündəmi, təhlükəsizlik məsələləri, iqtisadiyyat və müdafiə sənayesindəki vəziyyət müzakirə edilib, həmçinin prezident cəbhədə mövcud vəziyyətlə bağlı hesabatı dinləyib.

“Toplantının bütün iştirakçılarının hesabatlarını nəzərə alaraq, prezident tapşırıqlar qoydu və İstanbulda Rusiyanın nümayəndə heyəti üçün danışıqlarda bizim mövqeyimizi müəyyənləşdirdi. Biz bu danışıqları, təəssüf ki, üç il əvvəl Ukrayna tərəfinin son qoyduğu İstanbul sülh prosesinin davamı hesab edirik. Bizim rəsmi nümayəndə heyətimiz prezidentin sərəncamı ilə təsdiq olunub və danışıqlar aparmaq üçün bütün zəruri səlahiyyət və hüquqlara malikdir. Nümayəndə heyəti mümkün həll yolları və təmas nöqtələrinin tapılması üçün konstruktiv əhval-ruhiyyədədir. Ukrayna tərəfi ilə birbaşa danışıqların vəzifəsi tez və ya gec münaqişənin ilkin əsas səbəblərini aradan qaldırmaqla uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır” – Medinski bildirib.