Vladimer Putin Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirir
Rusiya Prezidenti Vladimer Putin Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirir. Bu barədə Putin jurnalistlərlə söhbəti zamanı qeyd edib.
Putin bildirib ki, görüş zamanı Ukrayna hakimiyyətinin legitimliyi məsələsi vacibdir, çünki Ukrayna konstitusiyası ilə hərbi vəziyyət şəraitində belə prezident səlahiyyətlərinin uzadılması imkanı yoxdur.
“Rusiya üçün Ukrayna tərəfdən danışıqları kimin apardığı fərq etmir, lakin sonda sənədlərin altında legitim hakimiyyətin imzası olmalıdır” – Putin jurnalistlərə deyib.
Ukrayna ilə danışıqların davam etdirilməsi barədə danışarkən isə Rusiya Prezidenti qeyd edib ki, əgər Ukrayna və onun Qərbli müttəfiqləri buna razı olsalar və Kiyevi hərbi əməliyyatları davam etdirməyə təhrik etməsələr Moskva danışıqları davam etdirməyə hazırdır.
Rusiya-Ukrayna müharibəsinin başlamasına gəlincə, bu məsələ barədə danışarkən Putin bir daha deyib ki, müharibəyə Ukraynanın özü başlayıb.
“Ukraynada hərbi münaqişəyə Rusiya başlamayıb, əksinə, onu bitirməyə çalışır. Donbas sakinlərinə qarşı güc tətbiq etməklə müharibəyə Kiyev rejimi özü başlayıb. Məhz bu siyasət bizi indiki silahlı münaqişəyə gətirib çıxardı. Rusiya Ukraynanın demilitarizasiyası məqsədilə Ukraynanın hərbi-sənaye kompleksinin obyektlərinə zərbələr endirir, yaşayış məhəllələrinə yox. Biz Ukraynanın Rusiya və onun xalqı üçün təhlükə yarada biləcək silahlı qüvvələrinin olmasına imkan verməyəcəyik” – Putin bildirib.