Vladimer Putin Qara dənizdə neft məhsullarının axmasına görə federal səviyyədə fövqəladə vəziyyət elan edib

16:54, 26.12.2024

 
Rusiyanın Prezidenti Vladimer Putin Kerç boğazında rus tankerlərinin batması nəticəsində neft məhsullarının axmasına görə federal səviyyədə fövqəladə vəziyyət elan etmək haqda qərar qəbul edib.

Bu barədə işğal olunmuş Krımın dırnaqarası rəhbəri Serqei Aksenov bildirib. Bundan əvvəl Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratiev regional səviyyədə fövqəladə vəziyyət elan edib.

Aksenov bildirib ki, Putinin sərəncamına əsasən, neft məhsullarının axmasının nəticələrinin aradan qaldırılması üçün federal büdcədən vəsait ayrılacaq.

Dekabrın 25-də Krasnodar vilayətinin qubernatoru regional səviyyədə fövqəladə vəziyyət elan edib. Bundan əvvəl, dekabrın 17-dən etibarən Anapa və Temriuk rayonlarında bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilirdi. Dekabrın 21-də neft məhsulları Krım sahillərinə çatdıqdan sonra Kerçdə də fövqəladə vəziyyət elan edilib.

Anapa və Temriuk rayonlarında 54 kilometrlik hissədə təmizləmə işləri aparılır, sahilin 190 kilometri isə monitorinq zonasına daxildir. İşlərə dörd minə yaxın xilasedici və könüllü cəlb olunub.

Dekabrın 25-nə olan vəziyyətə əsasən, 30 min tona yaxın çirklənmiş qum yığılıb, bunun da 23,5 min tonu artıq çimərliklərdən çıxarılıb.

Dekabrın 15-də iki tanker “Volgoneft” Kerç boğazında fırtına səbəbindən batıb. “Greenpeace” beynəlxalq ətraf mühitin mühafizəsi təşkilatının qiymətləndirməsinə əsasən, tankerlərdə olan təxminən səkkiz min ton neft məhsulu suya tökülərsə, bu, Qara dənizdə ən böyük texnogen fəlakətlərdən birinə çevrilə bilər. Tankerlərin batması faktı ilə bağlı cinayət işi açılıb.

Oxşar