Vladimer Putin – Moskva dünya qaz bazarının əsas oyunçularından biridir, Rusiyada atalar sözümüz var: “Başqasına quyu qazma, özün düşərsən”, Avropa İttifaqı ölkələrində məhz bu baş verdi
Rusiya Prezidenti Vladimer Putin Qaz İxrac Edən Ölkələrin Forumunun Sammitinin plenar iclasını açıb. Rusiya mediasının məlumatına əsasən, Putin qeyri-dost dövlətlərə xəbərdarlıq edib ki, Rusiyanı dünya qaz bazarı iştirakçılarının siyahısından çıxarmaqla bağlı istənilən cəhd ciddi nəticələri bərabərində gətirəcək.
“Bilirsiniz, Rusiyada belə bir atalar sözümüz var: “Başqasına quyu qazma, özün düşərsən”. Mənim fikrimcə, bu gün Avropa İttifaqı ölkələrində məhz bu baş verdi” – Vladimer Putin bildirib.
Rusiya Prezidenti Moskvanın dünya qaz bazarının əsas oyunçularından biri olduğunu deyib. O bildirib ki, təbii qaz ehtiyatlarının həcminə görə Rusiya dünyada birinci, hasilatına görə isə ikinci yerdədir.
Bununla yanaşı, Putin Rusiyanın xaricə qaz tədarükü ilə bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirdiyini, Avropanın isə rus enerji resurslarından imtina etməklə öz sənaye sektoruna zərbəni elə özünün vurduğunu bildirib.
“Biz qaz tədarükünün diversifikasiyasına, onun emalına və qaz-kimya sənayesinin inkişafına imkan yaradan unikal istehsal kompleksi yaratmışıq. Bu güclü resurs, elmi və sənaye bazasından milli iqtisadiyyatın artımı üçün istifadə edirik. Eyni zamanda, xaricə məsuliyyətli qaz tədarükçüsü və etibarlı, proqnozlaşdırılan tərəfdaşıq” – Vladimer Putin qeyd edib.
O, dünya qaz sektorunun hazırda ciddi dalğalanmalar yaşadığını bildirib. Lakin qazın qiyməti qalxdığı kimi birdən-birə kəskin şəkildə aşağı da düşə bilər.
Rusiya Prezidenti əsas problem kimi tədarükdəki fasiləni göstərib, çünki onun sözlərinə əsasən, bazar böyük həcmdə tədarükdən məhrum olub. Putinin qeyd etdiyi kimi, dünyada qaza olan tələbat yenə də artacaq və onun tədarük həcmini artırmaq zəruridir.
“Bu gün əsas problem qaz tədarükündəki fasilədir. Qısa müddət ərzində bazar böyük həcmdə tədarükdən məhrum olub. Bununla belə, tələbat heç yerə itməyib. Buna görə də Forumda iştirak edən ölkələrin coğrafi mövqeyini nəzərə almaqla nəqliyyat marşrutlarının optimallaşdırılmasını işləyib hazırlamaq lazımdır, o cümlədən bu ölkələr arasında qarşılıqlı əməliyyatların həyata keçirilməsi yolu ilə, yəni öz aramızda” – Putin bildirib.