Vladimer Putin - Kiyevin bugünkü rejiminə ümumiyyətlə sülh lazım deyil, onun üçün sülh ehtimal ki, hakimiyyətin itirilməsi deməkdir
Kiyevin bugünkü rejiminə ümumiyyətlə sülh lazım deyil, onun üçün sülh ehtimal ki, hakimiyyətin itirilməsi deməkdir – bu barədə Rusiya Prezidenti Vladimer Putin ölkə hökumətinin üzvləri ilə görüşü zamanı deyib.
Rusiya Prezidenti bildirib ki, Kiyev hakimiyyətində elementar siyasi mədəniyyət yoxdur və özlərinə danışıqlar aparmağa çalışdıqları şəxsləri birbaşa təhqir etməyə hüquq tanıyırlar.
Putin bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundundan əvvəlki gündə mülki əhaliyə qarşı törədilən bütün cinayətlər danışıqlar prosesinin pozulmasına yönəlmişdi.
Putin mülki şəxslərə qarşı zərbənin qəsdən endirildiyini iddia edir.
Rusiya Prezidenti Ukraynanın silah almaq üçün atəşkəs istədiyini deyib.
“Niyə biz onları hərbi əməliyyatlarda fasilə verməklə təşviq etməliyik, bu da rejimin Qərb silahları ilə güclənməsi, zorakı səfərbərlik və Bryansk və Kursk bölgələrində həyata keçirilənlərə bənzər başqa terror aktlarının hazırlanmasının davam etdirilməsi üçün istifadə olunacaq” – Vladimer Putin bildirib.
Rus mediasının məlumatına əsasən, iyunun 1-i gecə Bryansk vilayətinin Viqoniçki rayonunda avtomobil körpüsü uçub. Körpünün qalıqları Klimovi-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının üzərinə düşüb. Lokomotiv və vaqonlar relslərdən çıxıb. Yeddi nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz körpünün qatar hərəkət edərkən partladıldığını bildirib. Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunun partladılmasını müstəntiqlər terror aktları kimi qiymətləndiriblər.